Bakı. Trend:
Kibertəhlükəsizlik rəqəmsallaşmanın dərinləşməsi və geosiyasi vəziyyətin dəyişməsi fonunda artıq texniki məsələ deyil, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, süni intellektin sürətli inkişafı, data mərkəzlərinin yaradılması və rəqəmsallaşdırma artıq sadəcə texnoloji trend deyil, ölkələrin gələcək iqtisadi mövqeyini, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən strateji amilə çevrilib.
Ramid Namazov qeyd edib ki, Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında və ümumilikdə rəqəmsal transformasiyasında Prezident İlham Əliyevin strateji uzaqgörənliyi xüsusi rol oynayıb və bu prosesin bütün mərhələləri dövlət başçısının şəxsi iştirakı və qərarları ilə bağlıdır.
Onun sözlərinə görə, görülən işlərin miqyasını anlamaq üçün son dörd ildə qəbul edilən hüquqi aktlara nəzər salmaq kifayətdir.
Komissiya sədri xatırladıb ki, cari ilin fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına əsas olmuş müşavirə keçirilib. Həmin müşavirədə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma sahəsində islahatların ölkələrin gələcək inkişafını müəyyənləşdirdiyi, Azərbaycanın isə bu istiqaməti prioritetlər sırasına daxil etməli olduğu bildirilib.
Ramid Namazov vurğulayıb ki, həmin müşavirədə Azərbaycanın bu sahədə malik olduğu unikal üstünlüklər də sadalanıb.
Onun sözlərinə görə, birinci üstünlük ölkənin Asiya ilə Avropa arasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi, mövcud nəqliyyat və energetika infrastrukturunun fiber-optik dəhlizlərə çevrilməsi potensialıdır.
O əlavə edib ki, ikinci üstünlük isə enerji potensialıdır. Son 20 ildə Azərbaycanın generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə olunmayan güc mövcuddur ki, bu da data mərkəzləri və süni intellekt infrastrukturu üçün başlıca şərtdir.
Komissiya sədrinin sözlərinə görə, həmin müşavirədə rəqəmsallaşmanın seçim deyil, zərurət olduğu vurğulanıb və məsələyə yalnız texnoloji müstəvidən deyil, insan kapitalı, investisiya mühiti, milli təhlükəsizlik və beynəlxalq mövqe baxımından kompleks yanaşmanın vacibliyi qeyd olunub.
Ramid Namazov bildirib ki, sonrakı mərhələdə rəqəmsal inkişaf sahəsində institusional mexanizmlər yaradılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf Şurası təsis edilib və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Şuraya "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət funksiyası həvalə olunub.
O qeyd edib ki, Prezident İlham Əliyev strateji istiqamətləri, milli prioritetləri və uzunmüddətli baxışı müəyyənləşdirib, Birinci vitse-prezident Mehriban Əliyeva isə bu baxışın icra müstəvisinə keçirilməsini, qurumlar arasında koordinasiyanı və nəticələrə nəzarəti həyata keçirir.
Ramid Namazov vurğulayıb ki, Birinci vitse-prezidentin bu prosesə rəhbərlik etməsi rəqəmsal inkişafın dövlət üçün ən yüksək prioritetlərdən biri olduğunu göstərir və Azərbaycanın rəqəmsal transformasiya siyasətinin sistemli institusional idarəetmə mərhələsinə keçdiyini təsdiqləyir.
Komissiya sədri bildirib ki, iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyeva mühüm mesajlar verib. Onun sözlərinə görə, çıxışda beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin tətbiqinin vacibliyi vurğulanmaqla yanaşı, bütün qərarların Azərbaycanın milli maraqlarına və real ehtiyaclarına uyğun qəbul edilməsinin zəruriliyi qeyd olunub.
Ramid Namazov əlavə edib ki, Şuranın məqsədi yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də ölkə iqtisadiyyatına güclü təkan vermək, investisiyalar cəlb etmək, yerli startapları dəstəkləmək və daha səmərəli dövlət idarəetmə sistemi yaratmaqdır.
O bildirib ki, kibertəhlükəsizlik mövzusu da iclasın əsas məsələlərindən biri olub. Onun sözlərinə görə, süni intellekt gözləniləndən daha sürətlə inkişaf edir və bu, yeni imkanlarla yanaşı, yeni təhlükələr də yaradır. Buna görə də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində risklərə hazır olmaq əvvəlkindən daha vacibdir.
Ramid Namazov qeyd edib ki, rəqəmsallaşmanın dərinləşməsi ilə paralel olaraq hibrid təhdidlərin mühüm komponenti olan kiberhücumların sayı, miqyası və mürəkkəbliyi sürətlə artır. Dünya İqtisadi Forumu da kibertəhlükəsizlik risklərini və texnologiyalar vasitəsilə həyata keçirilən məkrli fəaliyyətləri qlobal təhdidlər siyahısının ön sıralarında qiymətləndirir.
Onun sözlərinə görə, süni intellektdən istifadə olunmaqla həyata keçirilən kiberhücumlar, təchizat zənciri riskləri və kritik informasiya infrastrukturuna qarşı yönəlmiş hədəfli təhdidlər artıq gündəlik reallığa çevrilib.
Komissiya sədri xatırladıb ki, fevral ayında keçirilən müşavirədə Prezident İlham Əliyev Azərbaycanın ötən il mütəşəkkil və aqressiv kiberhücuma məruz qaldığını açıqlayıb. O əlavə edib ki, komissiya da vaxtaşırı və xüsusi hallarda ölkəyə qarşı həyata keçirilən hibrid təhdidlər barədə ictimaiyyəti məlumatlandırır.
Ramid Namazov vurğulayıb ki, bütün bunlar göstərir ki, rəqəmsallaşma prosesi dərinləşdikcə və geosiyasi vəziyyət dəyişdikcə kibertəhlükəsizlik artıq texniki məsələ deyil, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilir.