Bakı. Trend:
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “ONGC Videsh”, “Eni”, “MVM”, “TotalEnergies” və “ITOCHU” – adından Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanması və təbliğinə yönəlmiş növbəti sosial sərmayə layihəsinin uğurla başa çatdığını məmnuniyyətlə elan edir.
Layihəyə Bakının ən məşhur sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Muzey Mərkəzinin son mərtəbəsində yerləşən sərgi salonunun təmiri, modernizasiyası və immersiv texnologiya ilə yenidən qurulması daxil idi.
Modernləşdirilmiş salon indi təsviri sənət əsərlərinin qorunması və yüksək keyfiyyətli nümayişi üçün beynəlxalq standartlara cavab verən müasir, muzey tələblərinə uyğun bir qalereyaya çevrilib.
Layihəyə sərgi məkanının tam modernizasiyasını təmin edən aşağıdakı işlər daxil olub: • Təmir işləri: beş zalı əhatə edən 385 m²-lik sərgi salonu dünya standartlarına cavab verən sərgi imkanlarının təmin edilməsi məqsədilə qabaqcıl işıqlandırma, məkandaxili iqlimə nəzarət və təhlükəsizlik sistemləri quraşdırılmaqla muzey tələblərinə uyğun tam yenilənib. • Sərgi avadanlıqlarının təmin edilməsi: professional və təhlükəsiz nümayişin təşkil olunması məqsədilə mühafizə və qorunma standartlarına cavab verən ekspozisiya sistemləri, o cümlədən 150-dən çox çərçivə, 10 pyedestal və xüsusi sərgi avadanlıqları quraşdırılıb. • Sərgi imkanlarının genişləndirilməsi: yenilənmiş məkanda əvvəllər daimi ekspozisiyada nümayiş olunmayan ən azı 150 sənət əsərinin sərgilənməsi üçün imkan yaradılıb. • Multimedia imkanlarının yaradılması: proyeksiya və səs sistemləri, media-server, həmçinin proyeksiyanın xəritələnməsi üzrə proqram təminatı daxil olmaqla audiovizual avadanlıqlar quraşdırılıb. • Məzmunun hazırlanması: sərgi haqqında daha dolğun məlumat vermək və ziyarətçilərin marağını artırmaq məqsədilə silsilə qısa videolar hazırlanıb.
Modernləşdirilmiş sərgi məkanı Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 000-dən çox sənət əsərindən ibarət kolleksiyasının daha əlçatan olmasına şərait yaradır. Burada, həmçinin ilk dəfə olaraq, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov və Ömər Eldarov kimi dünyaşöhrətli Azərbaycan rəssamlarının nadir əsərləri də daxil olmaqla, geniş çeşiddə təsviri sənət incilərinin daimi nümayişi üçün imkan yaradılıb.
Yenilənmiş zallar sərgi funksiyası ilə yanaşı, tədris, tədqiqat, həmçinin mədəniyyət sahəsində bilik və təcrübə mübadiləsi üçün bir platforma rolunu oynamaqla, ziyarətçilərə müasir və cəlbedici yollarla Azərbaycanın təsviri sənət xəzinəsindən zövq almaq üçün yeni üsullar təqdim edəcək.
Layihənin başa çatması münasibətilə bu gün Dövlət Muzey Mərkəzində keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanması və təbliğinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Bu gün təqdim etdiyimiz layihə Muzey Mərkəzinin sərgi imkanlarının genişləndirilməsi və müasir sərgi texnologiyalarının tətbiq edilməsi sayəsində Azərbaycanın təsviri sənət irsinin gələcək nəsillər üçün qorunmasını təmin etməklə yanaşı, onun geniş ictimaiyyət üçün əlçatanlığını da əhəmiyyətli dərəcədə artırır.
Bu təşəbbüs həmçinin ölkənin mədəni irsini həm yerli, həm də beynəlxalq sənətsevərlərə nümayiş etdirmək üçün yeni imkanlar yaradaraq Azərbaycanın təsviri sənət ənənələrinin yaşadılması, öyrənilməsi və təbliğinə əhəmiyyətli töhfə verir.”
Ümumi dəyəri 420 000 AZN (247 000 ABŞ dolları) təşkil edən bu layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.










