Bakı.Trend:
SOCAR-ın prezidenti ilə Zimbabve parlamentinin spikeri enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda deyilir.
Məlumata əsasən, SOCAR-ın prezidenti Rövşən Nəcəf Zimbabve Respublikası Milli Assambleyasının sədri Ceykob Frensis Nzvidamilimo Mudenda ilə görüş keçirib.
Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
"Görüş zamanı Azərbaycanın enerji strategiyası və ölkənin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələr barədə məlumat verilib. Həmçinin Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, siyasi və iqtisadi sabitlik, eləcə də xarici şirkətlərin fəaliyyətini təşviq edən şərait diqqətə çatdırılıb. Qonağa SOCAR-ın milli neft-qaz şirkətindən beynəlxalq enerji korporasiyasına çevrilməsi prosesi, şaxələndirilmiş fəaliyyəti, həm Azərbaycanda, həm də xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verilib", – deyə şirkətdən bildirilib.
Bundan əlavə, SOCAR-ın "yaşıl" gündəliyi, o cümlədən tərəfdaşlarla birlikdə həyata keçirilən bərpa olunan enerji layihələri və şirkətin karbonsuzlaşırma üzrə hədəfləri müzakirə olunub.
"Rəqəmsal transformasiya məsələlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, SOCAR məlumat mərkəzlərinin (data mərkəzləri) yaradılması və süni intellekt texnologiyalarının inkişafı üzrə layihələrə investisiya yatırır. Bu kontekstdə şirkətin üç obyektinin Dünya İqtisadi Forumu tərəfindən Digital Lighthouse statusuna layiq görüldüyü vurğulanıb", – məlumatda qeyd olunub.
Qeyd edək ki, SOCAR Afrika istiqamətində fəaliyyətini ardıcıl şəkildə genişləndirir.
Bu il şirkət İtaliyanın Eni şirkəti ilə birlikdə Kot-d'İvuarda həyata keçirilən "Baleine" neft-qaz layihəsində 10 faizlik pay əldə edib. "Baleine" karbonsuzlaşdırma və dayanıqlı enerji strategiyasına uyğun olaraq Afrikada sıfır emissiyalı ilk dəniz neft-qaz layihəsi kimi təqdim olunur.
Bundan başqa, "SOCAR Trading" şirkətinin daha əvvəl bildirdiyi kimi, Cənub-Şərqi Asiya, Pakistan, Banqladeş və Hindistanla yanaşı, Afrika da hazırda şirkətin iştirakını genişləndirmək imkanlarını araşdırdığı əsas regionlardan biridir.