Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə potensial tərəfdaşlıq imkanları müzakirə edilib.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qonaqlara ASCO-nun strateji inkişaf prioritetləri, o cümlədən daşımaların səmərəliliyinin daha da artırılması, donanmanın tərkibinin yeni gəmilərlə zənginləşdirilməsi və Xəzərdən kənar fəaliyyətin genişləndirilməsi üzrə nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verilib.
Görüş zamanı rəqəmsallaşma, innovativ həllərin tətbiqi və müasir çağırışlara uyğun korporativ idarəetmə yanaşmaları istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr də diqqətə çatdırılıb.
Müzakirələr zamanı tərəflər əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirərək, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə potensial tərəfdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Görüşdən sonra AYİB nümayəndələri "Suraxanı" gəmi-muzeyini ziyarət ediblər. Muzeyin ekspozisiya zalları ilə yaxından tanış olan qonaqlara Azərbaycanın gəmiçilik tarixi və dənizçilik ənənələri barədə ətraflı məlumat verilib.



