Bakı.Trend:
İtaliyanın Auqusta limanında Azərbaycanın Azeri Light markalı neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 ABŞ dolları və ya 2,6 faiz bahalaşaraq bir barel üçün 75,66 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbələr məlumat veriblər.
"Məlumata görə, Azərbaycanın Azeri Light markalı neftinin Türkiyənin Ceyhan limanında FOB bazasında qiyməti 1,79 ABŞ dolları və ya 2,5 faiz artaraq bir barel üçün 72,94 ABŞ dolları olub. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,98 ABŞ dolları və ya 4,8 faiz artaraq bir barel üçün 42,93 ABŞ dollarına çatıb. Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,99 ABŞ dolları və ya 2,8 faiz bahalaşaraq bir barel üçün 71,87 ABŞ dolları təşkil edib”, – məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“Trading Economics” platformasının məlumatına görə, çərşənbə günü neftin qiyməti bir barel üçün 72 ABŞ dollarını ötüb və ABŞ hərbi qüvvələrinin İrana yeni hava zərbələri endirməsi, eləcə də ölkəyə dünya bazarında neft satmağa imkan verən icazənin ləğv edilməsindən sonra həftənin əvvəlindən etibarən 5 faizdən çox artıb.
“Bu addımlar son vaxtlar Hörmüz boğazından keçən gəmilərə, o cümlədən Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankerinə və Səudiyyə Ərəbistanına məxsus neft tankerinə qarşı həyata keçirilən bir sıra hücumlardan sonra atılıb. Münaqişənin yenidən alovlanması ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti sülh razılaşmasını təhlükə altında qoyub və qlobal enerji tədarüklərində yeni fasilələrin yarana biləcəyi ilə bağlı narahatlıqları artırıb. Risklər ondan ibarətdir ki, gəmi sahibləri və regionun enerji istehsalçıları strateji əhəmiyyətə malik Hörmüz boğazından istifadəni dayandıra bilərlər”, – platforma bildirib.
“Trading Economics”in məlumatına görə, münaqişənin kəskin eskalasiyası bazarda təklif artıqlığının yarana biləcəyi ilə bağlı əvvəlki gözləntiləri ciddi şəkildə dəyişib. Həmin gözləntilər OPEC+ ölkələrinin hasilat kvotalarını artırması və Yaxın Şərq istehsalçılarının neft hasilatını genişləndirməsi fonunda formalaşmışdı.