Bakı. Trend:
Fransada prezidentliyə üç dəfə namizəd olmuş Marin Le Pen 2027-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Bu barədə o, TF1 televiziya kanalının "Saat 20:00" xəbərlər buraxılışına açıqlamasında bildirib.
Marin Le Pen bildirib ki, onun seçkilərdə iştirak etməsi üçün iki şərt var. Birincisi, o, 18 aprel 2027-ci ildə keçiriləcək prezident seçkilərinin birinci turuna qədər namizəd olmaq hüququnu saxlamalıdır. İkincisi isə, məhkəmə hökmünün icrası və ya nəzarət tədbiri çərçivəsində tətbiq olunan elektron qolbaq taxmamalıdır.
Marin Le Pen 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini 7 iyul 2026-cı ildə "Milli Cəbhə" partiyasının Avropa Parlamentindəki deputat köməkçilərinin saxta işə götürülməsi işi üzrə Apellyasiya Məhkəməsinin onu təqsirli bilməsindən cəmi bir neçə saat sonra elan edib.
Paris Apellyasiya Məhkəməsi onun seçkilərdə iştirak qadağasını 15 aya endirib və bu müddətin artıq başa çatdığını qəbul edib. Buna səbəb 31 mart 2025-ci ildə birinci instansiya məhkəməsinin çıxardığı hökmün dərhal qüvvəyə minməsi olub. Bununla belə, Le Pen elektron qolbaq vasitəsilə icra oluna biləcək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Marin Le Pen bildirib ki, 2027-ci il prezident seçkilərində iştirak edəcək və apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verəcək.
İfrat sağçı partiyanın prezidentliyə üçqat namizədi daha əvvəl dəfələrlə belə şərtlər altında seçki kampaniyası aparmayacağını bəyan etmişdi.
"Çünki kassasiya şikayəti vermək imkanım var, halbuki digər mümkün hallarda bu imkan olmaya da bilərdi. Kassasiya şikayəti isə apellyasiya məhkəməsinin qərarının icrasını dayandırır. Buna görə də seçki kampaniyasını elektron qolbaq olmadan aparacağam", – deyə o, bildirib.
"Jordan Bardella ilə birlikdə çox yaxın vaxtlarda bu prezident seçkisi kampaniyasına başlayacağıq", – deyə "Milli Birlik" Partiyasının lideri bildirib.
"Məhz birlikdə fransızları inandıracağıq ki, bu gün qarşılaşdıqları vəziyyət qaçılmaz deyil", – deyə Le Pen əlavə edib.