Bakı.Trend:
SOCAR və PETROCI “Baleine” neft-qaz yatağının işlənməsi layihəsi üzrə irəliləyişi müzakirə ediblər.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, SOCAR-ın prezidenti Rövşən Nəcəf "PETROCI Holding" şirkətinin baş icraçı direktoru Fatoumata Sanoqo ilə görüş keçirib.
"Görüşdə SOCAR və “PETROCI Holding” arasında “Baleine” neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib. Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, SOCAR-ın məlumatına əsasən, şirkət 2026-cı il yanvarın 22-də İtaliyanın Eni S.p.A. şirkəti ilə Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payının əldə edilməsinə dair saziş imzalayıb.
Saziş Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A". şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi tərəfindən imzalanıb.
"Bu sövdələşmə SOCAR-ın Afrikanın zəngin neft-qaz ehtiyatlarına çıxışını təmin edir və şirkətin qlobal genişlənmə strategiyasına uyğundur. Bundan əlavə, sövdələşmə SOCAR ilə Eni S.p.A. arasında energetika sektorunun müxtəlif istiqamətləri üzrə daha geniş strateji əməkdaşlığın tərkib hissəsidir. Bu sazişin icrası və sövdələşmənin yekunlaşdırılması müvafiq tənzimləyici qurumların zəruri icazələrinin alınmasından, eləcə də digər standart şərt və tələblərin yerinə yetirilməsindən sonra mümkün olacaq", – SOCAR-dan bildirilib.
Qeyd edək ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Hazırda “Baleine” yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5,7 milyon kubmetr qaza çatdırılması nəzərdə tutulur.
Xüsusilə qeyd etmək istərdik ki, “Baleine” Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir.


