Bakı.Trend:
Azərbaycan və ABŞ arasında Orta Dəhlizin inkişafı müzakirə olunub.
Bu haqda Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz rəsmi "X" səhifəsində yazıb.
"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüzdə Azərbaycan -ABŞ strateji tərəfdaşlığının hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişafını qeyd etdik.
ABŞ nümayəndə heyəti ilə ticarət və investisiyaların təşviqi, enerji, süniintellekt, rəqəmsaliqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Həmçinin Orta Dəhlizin beynəlxalq ticarət, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolunu vurğuladıq", -deyə o bildirib.
Nazirin sözlərinə görə, görüşdə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığın əsas institusional platformalarından biri olduğu vurğulanıb, birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.