Bakı. Trend:
Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərməyən özəl şirkətlər üçün ƏDV depozit hesablarındakı vəsaitlərin bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yönəldilməsi imkanı yaradılacaq.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, yeni mexanizm 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiq olunacaq. Mexanizmin tətbiq qaydaları və şərtləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Qanun layihəsinin məqsədi vergi ödəyicilərinin ƏDV depozit hesablarındakı vəsaitlərdən istifadə imkanlarını genişləndirmək, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə resursları formalaşdırmaq və nəticədə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərinə dəstək verməkdir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.