Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Ankaraya beşinci nəsil "F-35" qırıcılarının satışına “yaşıl işıq” göstərə bilər.
Bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb.
Qəzetin məlumatına görə, Ağ Ev rəhbərinin yaxın zamanda bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirə aparacağı gözlənilir. Trampın bu addımı hansı mexanizmlə həyata keçirəcəyi və Konqresin Türkiyəyə “F-35” təyyarələrinin satışına qoyduğu qadağanı necə keçəcəyi hələlik aydın deyil. Adı açıqlanmayan ABŞ administrasiyası rəsmiləri hesab edirlər ki, Türkiyənin “F-35” proqramına qayıdış prosesini başlatmaq üçün liderlər rəsmi məktublar mübadiləsi apara bilərlər. ABŞ Prezidentinin bu gün NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcəyi gözlənilir.
Nəşr qeyd edir ki, ABŞ rəsmiləri Ağ Ev rəhbərinin bu məsələ ilə bağlı mövqeyini hələ də dəyişə biləcəyini istisna etmirlər. İyunun sonunda Brüsseldə fəaliyyət göstərən “Euractiv” portalı xəbər vermişdi ki, Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina edərsə, lakin onları Rusiyaya qaytarmayıb "üçüncü ölkəyə" satarsa, ABŞ "F-35" qırıcılarının satışına dair məsələyə yenidən baxa bilər.