Bakı.Trend:
Avstraliyada sahilə çıxan sirli metal kürələrin kosmik raketə aid təzyiq çənləri olduğu ehtimal edilir.
Bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, rəsmilər onların daxilində təhlükəli maddələrin ola biləcəyi ehtimalını nəzərə alaraq ərazidə təhlükəsizlik tədbirlərini davam etdirirlər.
Avstraliya Kosmik Agentliyi (ASA) Kvinslend ştatında sahilə çıxan sirli metal kürələrin böyük ehtimalla kosmik raketə məxsus hissələr olduğunu açıqlayıb.
Agentliyin məlumatına görə, həftəsonu aşkarlanan altı metal kürə “kosmik aparata aid təzyiq çənlərinə bənzəyir”.
Qeyd edilib ki, kürələrin hansı ölkəyə məxsus raketdən ayrıldığını dəqiq müəyyənləşdirmək üçün beynəlxalq qurumlarla birgə araşdırmalar aparılır.
Kvinslend Yanğın və Xilasetmə Xidməti metal kürələrin aşkar edildiyi ərazidə 50 metrlik təhlükəsizlik zonası yaradıldığını açıqlayıb.
Rəsmilər vətəndaşlara xəbərdarlıq edərək bildiriblər ki, oxşar əşyalar aşkar etdikləri halda onlara toxunmasınlar, dərhal ərazidən uzaqlaşsınlar və fövqəladə xidmət orqanlarına məlumat versinlər.
Avstraliya Kosmik Agentliyi bildirib ki, kürələrin tapıldığı yer və onların fiziki xüsusiyyətləri qısa müddət əvvəl Yer atmosferinə yenidən daxil olan xarici raketin gövdəsindən ayrılmış kosmik qalıqlarla uyğunluq təşkil edir.
Qeyd edilib ki, raketin hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirmək üçün araşdırmalar davam etdirilir.
Avstraliya sahillərində bundan əvvəl də oxşar kosmik qalıqlar aşkarlanıb.
