Bakı.Trend:
Çin öz kosmonavtlarını Aya amerikalı astronavtların oraya yenidən enməsindən daha tez göndərə bilər. Bu ehtimalı NASA-nın administratoru Cared Ayzekman CBS telekanalına müsahibəsində səsləndirib.
"Çinlilər öz taykonavtlarını (kosmonavt-red) Aya endirəcəklər. Buna heç bir şübhə yoxdur. Sual ondadır ki, ABŞ onlardan əvvəl Aya qayıda biləcəkmi və bu dəfə bunu fərqli şəkildə – baza quraraq, orada davamlı mövcudluq yaradaraq həyata keçirəcəyikmi", – deyə o bildirib.
Ayzekman vurğulayıb ki, ABŞ hazırda Çinlə kosmik yarışdadır və "çinlilər inanılmaz sürətlə irəliləyirlər". Bununla belə, onun fikrincə, NASA astronavtları yenə də Çin kosmonavtlarından əvvəl Aya enə biləcəklər.
Agentliyin rəhbəri bildirib ki, astronavtların iştirakı ilə Yerin təbii peykinə növbəti missiya Artemis IV olacaq. Aparatın Aya göndərilməsi 2028-ci ilə planlaşdırılır. Çin isə Aya eniş missiyasını 2030-cu ildən əvvəl həyata keçirməyi planlaşdırır.