Bakı. Trend:
Şəhərlərin təhlükəsizlik səviyyəsini əks etdirən yenilənmiş Safety Index reytinqi dərc olunub. Reytinq cinayətkarlıq səviyyəsi, terror riski, korrupsiya və ümumi ictimai sabitlik kimi meyarlar əsasında hazırlanıb.
Siyahıda ilk sıraları Birləşmiş Ərəb Əmirliklərinin şəhərləri tutur.
Reytinqə 88,8 balla Əcman başçılıq edir. Sonrakı pillələrdə 88,6 balla Əbu-Dabi, 85,4 balla Ras əl-Xeymə və 84,7 balla Şarca qərarlaşıb. İlk beşliyi isə 84,6 balla Qətərin paytaxtı Doha tamamlayır. BƏƏ-nin Dubay şəhəri 83,8 balla altıncı yerdə qərarlaşıb.
Yüksək təhlükəsizlik göstəricilərinə malik digər şəhərlər sırasında Tayvanın paytaxtı Taybey (83,4 bal), Omanın paytaxtı Maskat (81,4 bal) və Niderlandın Haaqa şəhəri (78,9 bal) da yer alıb.
Ən aşağı təhlükəsizlik göstəricilərinə malik şəhərlərin böyük hissəsi isə Cənubi Afrika Respublikasında yerləşir. Siyahının son sıralarında 18,3 balla Pretoriya, 18,5 balla Venesuelanın paytaxtı Karakas, 18,7 balla Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi, həmçinin CAR-ın Pitermaritsburq (18,7 bal) və Yohannesburq (19,2 bal) şəhərləri qərarlaşıb.
Mütəxəssislərin fikrincə, təhlükəsizlik səviyyəsi ilə həyat keyfiyyəti, əhalinin rifahı və hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyi arasında sıx əlaqə mövcuddur. Onlar bildirirlər ki, hətta eyni ölkə daxilində müxtəlif şəhərlər arasında da bu göstəricilər baxımından əhəmiyyətli fərqlər müşahidə oluna bilər.
Ümumilikdə reytinqə dünyanın 401 şəhəri daxil edilib.
Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakı 69,9 balla siyahıda 78-ci yerdə qərarlaşıb. Bu göstərici Şotlandiyanın Edinburq şəhərinin (69,7 bal) və Niderlandın Amsterdam şəhərinin (70 bal) nəticələrinə yaxındır.