Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan vermək niyyətində deyil.
Bu barədə o, Şimali Dakota ştatında çıxışı zamanı danışıb.
"Çin hazırda Panama kanalına nəzarəti ələ keçirməyə çalışır. Biz buna yol verməyəcəyik", - deyə Tramp bildirib.
ABŞ Prezidenti kanalın vaxtilə Panamaya verilməsi qərarını da tənqid edib.
"Biz kanalı Panamaya təhvil verdik və onlar bundan böyük gəlir əldə etdilər. Bu, çox yanlış qərar idi. Bu, indiyədək inşa etdiyimiz ən bahalı layihə olmaqla yanaşı, ən gəlirli layihələrdən biri idi", - deyə o vurğulayıb.
Donald Tramp daha əvvəl də Panama kanalı üzərində ABŞ-nin nəzarətinin bərpasının vacibliyini dəfələrlə dilə gətirib. Onun sözlərinə görə, Çinin bu strateji əhəmiyyətə malik su yolunda kommersiya fəaliyyətini genişləndirməsi ABŞ-nin təhlükəsizlik və iqtisadi maraqları baxımından risk yaradır.
Qeyd edək ki, Panama kanalı 1914-cü ildə istifadəyə verilib. Kanal ABŞ tərəfindən inşa olunub və uzun illər Vaşinqtonun nəzarəti altında fəaliyyət göstərib. 1977-ci il sentyabrın 7-də ABŞ Prezidenti Cimmi Karter və Panama lideri Ömər Torrixos tərəfindən imzalanmış Torrixos-Karter sazişlərinə əsasən, kanalın idarə olunması mərhələli şəkildə Panamaya təhvil verilib. Bu proses 1999-cu ildə yekunlaşıb. Həmin razılaşma kanalın neytral statusunu təsbit edir və onun beynəlxalq gəmiçilik üçün açıq qalmasına zəmanət verir.