Bakı. Trend:
Bu ilin yanvar-may aylarında "SOCAR Polymer"in ixrac gəlirləri 110,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 3,9 faiz çoxdur.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında "SOCAR Polymer" MMC birinci yerdə qərarlaşıb. Siyahıda növbəti yerləri AzerGold QSC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azəralüminium MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ASC, "SOCAR-CAPE" MMC və "Naxçıvan Enerji" MMC tutur.
Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Trend-ə eksklüziv müsahibəsində bildirib ki, şirkət beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə davam edir və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələri həyata keçirir.
"SOCAR aktivlərinin ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın səmərəliliyinin yüksəldilməsi, eləcə də məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiyalarını davam etdirir", - deyə o bildirib.