Bakı. Trend:
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərinin tarixləri müəyyənləşib. Seçkilərin birinci turu 18 aprel, ikinci turu isə 2 may 2027-ci ildə keçiriləcək.
Bu barədə Fransa mətbuatı hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron ardıcıl iki müddət prezident vəzifəsində çalışdığı üçün yenidən namizəd ola bilməyəcək.
Fransada prezident seçkiləri iki turdan ibarətdir. Birinci turda namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplamadığı təqdirdə, ən çox səs qazanan iki namizəd ikinci turda mübarizə aparır.
2027-ci il prezident seçkilərində ifrat sağçı Milli Birlik (RN) partiyasının sədri Jordan Bardella əsas namizədlərdən biri hesab olunur. İctimai rəy sorğularına əsasən, onun birinci turu keçərək seçkinin favoritlərindən biri olacağı gözlənilir.
RN-nin parlament fraksiyasının rəhbəri Marin Le Penin namizədliyi isə korrupsiya işi üzrə məhkum edilməsi və ona tətbiq olunan 5 illik siyasi fəaliyyət qadağası ilə bağlı apellyasiya prosesinin nəticəsindən asılı olacaq. Həmin iş üzrə qərarın 7 iyulda açıqlanacağı gözlənilir.
Keçmiş daxili işlər naziri Bruno Retailleau və Fransanın sabiq prezidenti Fransua Olland da prezident seçkilərində namizədliyi hallanan siyasətçilər sırasındadır.