Bakı. Trend:
Azərbaycan yaxın dövr üçün perspektiv layihələri Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə müzakirə edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) İdarəedicilər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir və bu çərçivədə regional infrastruktur layihələrinin maliyyələşdirilməsinə, eləcə də kiçik və orta biznesin dəstəklənməsinə xüsusi diqqət yetirilir.
"Bu gün Bakıda QDTİB-nin İdarəedicilər Şurasının 28-ci illik toplantısı keçirilir. Biz artıq bankın prezidenti Serhat Köksalla birlikdə ilk sessiyanı başa vurmuşuq. Növbəti mərhələdə icraçı sessiya keçiriləcək. Azərbaycanın QDTİB ilə əməkdaşlığının uzun illərə söykənən tarixi var. Biz 1994-cü ildən Bankla əməkdaşlıq edirik. Bu müddət ərzində QDTİB Azərbaycanda təxminən 500 milyon avro məbləğində müxtəlif layihələri maliyyələşdirib", - deyə nazir bildirib.
O vurğulayıb ki, ən mühüm layihələrdən biri yerli banklar vasitəsilə kiçik və orta biznesin maliyyələşdirilməsi olub.
"Gələcəkdə tərəflər əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırlar. Bu gün Azərbaycanda, Cənubi Qafqazda və Qara dəniz regionunda transmilli və regional layihələrin genişləndirilməsi məsələləri müzakirə olunur. Söhbət nəqliyyat dəhlizləri və energetika sahəsində layihələrin daha geniş dəstəklənməsindən, həmçinin Azərbaycanda və digər ölkələrdə müxtəlif özəl layihələrin, xüsusilə də kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsindən gedir. Toplantı iştirakçıları Bankın 2025-ci il üzrə fəaliyyətinin nəticələrini də qiymətləndiriblər", - deyə Sahil Babayev bildirib.
Onun sözlərinə görə, ötən ilin nəticələri həm bankın, həm də region ölkələrinin maliyyə tədbirləri və investisiya layihələrini uğurla həyata keçirdiyini göstərir.
"Bankın mövqeləri tam möhkəmlənib. Eyni zamanda, region ölkələrinin maliyyə reytinqləri ya yaxşılaşıb, ya da sabit səviyyədə qalıb. Buna görə də bu gün Bankın 2025-ci il üzrə uğurlu fəaliyyət nəticələri qeyd olunur, həmçinin qarşıdakı dövr üçün perspektiv layihələr müzakirə edilir", - deyə Sahil Babayev əlavə edib.