Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Genişlənmə üzrə komissar Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə komissar Maqnus Brunner ilə görüş keçirib.
Bu barədə Hakan Fidan "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, görüş zamanı Türkiyə–Avropa İttifaqı münasibətləri çərçivəsində bütün aktual məsələləri müzakirə olunub. Nazir bildirib ki, tərəflər xarici siyasət, bağlantılıq, ticarət, miqrasiya və viza məsələlərinə toxunublar.
O əlavə edib ki, Yaxın Şərq və Rusiya–Ukrayna münaqişəsi başda olmaqla, aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Avropa Komissiyasının üç mühüm üzvünün ölkəmizə həyata keçirdiyi bu birgə səfərin Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin arzuladığımız səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addım olacağına ümid edirik", - deyə H. Fidan bildirib.