Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker Sahibə Qafarova "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusunda çıxışında belə tədbirlərin beynəlxalq əməkdaşlığın vacibliyini – fikir mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini aydın şəkildə nümayiş etdirdiyini vurğulayaraq, bu gün müzakirə olunan problemlərin yalnız bir ölkə və ya regionla məhdudlaşmadığını qeyd edib.
Milli Məclisin sədri bu gün bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, lakin hələ də aradan qaldırılması vacib olan problemlərin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlərin ən çətini isə qadınların şəxsi inkişafını məhdudlaşdıran stereotiplər və sosial normalardır.
Qeyd olunub ki, hər bir cəmiyyətin öz ənənələri, mədəni və sosial dəyərləri var. Təəssüf ki, qadının cəmiyyətdəki rolu ilə bağlı mənfi stereotiplər və sosial normalar bir çox yerlərdə dərin kök salıb.
Çıxışda bildirilib ki, heç kim kişi və qadınların fərqli olduğunu inkar etmir. Lakin bu, onların bərabər olmadığı anlamına gəlmir. Reallıq ondan ibarətdir ki, qadınların səlahiyyətləndirilməsi artıq dayanıqlı inkişafın, daha güclü cəmiyyətlərin və institutların qurulmasının prioritet istiqamətlərindən biri kimi qəbul edilir. Spiker Sahibə Qafarova bildirib ki, cəmiyyətin yarısını təşkil edən insanların hüquq və potensialının nəzərə alınmaması, sadəcə olaraq, dayanıqlı yanaşma deyil. Parlament üzvləri də hər bir qadının və qızın ayrı-seçkilikdən və maneələrdən uzaq şəkildə öz potensialını tam reallaşdıra biləcəyi cəmiyyətlərin qurulmasına görə ümumi məsuliyyət daşıyırlar. O cümlədən, parlamentlər də cəmiyyətlərin tələblərini və mövcud dinamikasını əks etdirməlidirlər.
Milli Məclisin sədri deyib ki, parlament üzvləri olaraq bizlər qanunvericiliyi ən mühüm alət kimi qəbul edirik. Çünki qanunvericilik zəruri normativ-hüquqi çərçivələri müəyyən edir. Lakin biz eyni zamanda anlayırıq ki, təkcə qanunvericilik arzu olunan nəticələri təmin edə bilməz. Bunun üçün bütün cəmiyyəti əhatə edən yanaşmaya əsaslanan daha sistemli və hərtərəfli münasibətə ehtiyac var.
Azərbaycan parlamentinin spikeri diqqətə çatdırıb ki, stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Gender bərabərliyini qəbul etməyən yanaşmalar aradan qaldırılmalı, cəmiyyətlər qadın və kişi bərabərliyini əsas dəyər kimi qəbul etməyə təşviq edilməlidirlər.
Sahibə Qafarova deyib ki, mədəni təşəbbüslər vasitəsilə gender bərabərliyi dəyərlərinin təşviqi və media vasitəsilə maarifləndirmənin artırılması təsirli üsullardır. Lakin o, akademik sahədə uzun illər təcrübəsi olan bir şəxs kimi təhsilin davranışların dəyişdirilməsindəki gücünə dərin inam bəslədiyini qeyd edib. Buna görə də təhsilə, maarifləndirməyə və gənclərin bu prosesə cəlb olunmasına xüsusi diqqət göstərilməsinin vacibliyini ifadə edib. Çıxışda o da qeyd olunub ki, təhsil yalnız düşüncə tərzini dəyişmir, eyni zamanda qadınların siyasətdə, iqtisadiyyatda və digər sahələrdə güclənməsinə mane olan əngəlləri də aradan qaldırır.
Milli Məclisin sədri çıxışında Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə gender bərabərliyi ilə bağlı mövcud təsəvvürlər əslində çox əvvəllər formalaşmış milli ənənələrimizi əks etdirir. Belə ki, Azərbaycan qadınları tarixən cəmiyyətin bərabərhüquqlu tərəfdaşları kimi qəbul olunub və onun inkişafına həlledici təsir göstəriblər. 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra Azərbaycan dünyada qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri, müsəlman Şərqində isə ilk ölkə olub. Spiker Sahibə Qafarova deyib ki, bu tarixi qərar bir sıra Avropa ölkələrində qadınlara bərabər siyasi hüquqların tanınmasından daha əvvəl qəbul edilib. Bu isə həm də o deməkdir ki, lap əvvəldən etibarən bərabərlik, inklüzivlik və demokratik təmsilçilik prinsipləri Azərbaycanın siyasi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
O, bildirib ki, həmin gender bərabərliyi ənənələri Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da ardıcıl şəkildə davam etdirilərək, dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin bərabər hüquqları təsbit edilib, 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun isə bu sahədə hüquqi bazanı formalaşdırıb. Həmçinin bildirilib ki, gender siyasətinin institusional əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Prezidentin imzaladığı sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə səbəb olan kompleks və hərtərəfli yanaşmanın formalaşdırılmasını təmin edib.
Milli Məclisin sədri statistik göstəricilərə istinad edərək bildirib ki, hazırda Azərbaycanda məşğul əhalinin təxminən 49 faizini qadınlar təşkil edir. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi də əhəmiyyətli dərəcədə artaraq 2004-cü ildəki 4 faizdən təxminən 39 faizə yüksəlib. Dövlət qulluqçularının isə təxminən 30 faizi qadınlardır. Diqqətə çatdırılıb ki, son illərdə ölkəmizdə qadınların sayı hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında da artıb. Qadınlar dövlət qurumlarında, diplomatik xidmətdə, təhsil və dövlət idarəçiliyi sahələrində rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərirlər.
Milli Məclisdə qadınların təmsil olunması barədə danışan spiker Sahibə Qafarova qeyd edib ki, 2024-cü ilin sentyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, 125 deputatdan 26-sı qadındır. Bu göstərici 2005-ci ildəki 11 faizdən təxminən 21 faizə yüksəlib. Qadın deputatlar parlamentin 15 komitəsindən 5-də sədr müavini vəzifəsində təmsil olunurlar. Ailə, qadın və uşaq məsələləri komitəsinə isə qadın deputat rəhbərlik edir. Həmçinin, vurğulanıb ki, qadın millət vəkillərinin demək olar ki, bütün parlament komitələrində təmsil olunması onların baxış və mövqelərinin qanunvericilik fəaliyyətində nəzərə alınmasına imkan yaradır.
Azərbaycan parlamentinin sədri əldə olunmuş nəticələrin əhəmiyyətini qeyd edərək, gender bərabərliyinin tam təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, vacib məqam ondan ibarətdir ki, Azərbaycanda əldə olunmuş bu nəticələr davamlı xarakter daşıyır və dövlətimizin gender bərabərliyinin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini əks etdirir.
Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda ötən ilin sonunda gender bərabərliyi üzrə 2026–2028-ci illəri əhatə edən yeni Milli Fəaliyyət Planı qəbul edilib. Sənəddə gender bərabərliyi məsələləri ilə bağlı ictimai məlumatlılığın artırılması, qadınların dövlət və özəl sektorlarda qərarqəbuletmə proseslərində kişilərlə bərabər iştirakının təşviqi məqsədilə bir sıra mütərəqqi təşəbbüslər də nəzərdə tutulub.
Milli Məclisin sədri çıxışının sonunda bir daha qeyd edib ki, dünyadakı mövcud vəziyyət dərin kök salmış stereotiplərin və mənfi sosial normaların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyini göstərir. Qanunvericilik bazasının və institusional mexanizmlərin daha da gücləndirilməsi, eyni zamanda cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.





