Bakı. Trend:
Tarixi və mədəni abidələrin, ictimai məkanların müxtəlif yazılar və qraffiti ilə zədələnməsi son dövrlərdə narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə şəhidlərin adlarının tarixi tikililərin, qayaların və digər mədəni irs nümunələrinin üzərinə yazılması xoş niyyətdən irəli gəlsə belə, nəticədə həmin obyektlərin ilkin görünüşünə xələl gətirir və tarixi-mədəni irsə ziyan vurur. Belə müdaxilələr abidələrin bərpası üçün əlavə resurs və maliyyə tələb etməklə yanaşı, şəhərlərin tarixi simasının qorunmasını da çətinləşdirir.
“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin nümayəndəsi Ayşən Fəxrəddinqızı Trend-ə açıqlamasında bildirib ki, şəhidlərin adları Azərbaycan cəmiyyəti üçün sadəcə ad deyil, Vətən uğrunda göstərilmiş ən böyük fədakarlığın rəmzidir.
“Şəhidlərimizin adı bizim üçün sadəcə bir ad deyil. O adın arxasında yarımçıq qalan ömürlər, həsrət çəkən analar, gözü yolda qalan övladlar və Vətən uğrunda verilmiş ən böyük fədakarlıq dayanır. Onların xatirəsi bizim üçün müqəddəsdir. Bu müqəddəsliyi divarlara yazmaqla deyil, ürəyimizdə yaşatmaqla, onlardan bizə əmanət qalan ailələrinə hörmət etməklə göstərməliyik”, – o deyib.
Ayşən Fəxrəddinqızı qeyd edib ki, şəhidlərin adlarını uca tutmaq niyyəti tarixi və mədəni irs nümunələrinin zədələnməsinə səbəb olmamalıdır. Xüsusilə Şuşa kimi zəngin tarixi-mədəni irsə malik şəhərlərdə daşların, divarların, tarixi abidələrin, parkların və digər ictimai məkanların qorunmasına həssas yanaşılmalıdır.
“Şəhidimizin adını uca tutmaq istəyərkən müqəddəs torpaqlarımızın – Şuşamızın daşlarını, divarlarını, tarixi abidələrimizi, parklarımızı və ictimai əmlakımızı korlamaq, əslində, qorumağa çalışdığımız dəyərlərə kölgə salmaqdır”, – deyə o vurğulayıb.
İctimai Birliyin nümayəndəsinin sözlərinə görə, şəhidlərin xatirəsinə ehtiram onların uğrunda həyatlarını qurban verdikləri torpaqların, tarixi abidələrin və milli-mədəni irsin qorunması ilə ifadə olunmalıdır.
“Unutmayaq: şəhidlər bu torpaq uğrunda canlarından keçdilər. Bizim borcumuz isə onların qanı tökülən torpaqlarımızı qorumaq, onun gözəlliyini və irsini gələcək nəsillərə əmanət etməkdir. Gəlin sevgimizi dağıtmaqla deyil, qorumaqla göstərək. Gəlin onların müqəddəs adlarını divarlarda yox, qəlbimizdə yaşadaq. Çünki şəhidə ən böyük ehtiram uğrunda can verdiyi Vətəni qorumaqdır”, – Ayşən Fəxrəddinqızı bildirib.