Azərbaycan kinosunun yaddaşında elə simalar var ki, onlar bir obrazla belə tamaşaçının qəlbinə yol tapa biliblər. Əkbər Fərzəliyev də belə simalardandır... Yəqin ki, bu ad-soyad çoxlarına tanış gəlməyə bilər. O halda “Qızmar günəş altında” filmindəki Aydın obrazını yada salaq... Əkbər Fərzəliyev məhz bu filmdə oynadığı gənc həkim rolu ilə bir nəslin yaddaşına həkk olunan sənətkarlardandır. Modern.az saytının çoxdandır ara verdiyi “Yaddan çıxmış sənətkarlar” layihəsində budəfəki təqdimat heç bir fəxri adı olmayan tanınmış kino aktyoru, istedadlı teatr rejissoru və peşəkar hüquqşünas Əkbər Fərzəliyev haqqındadır. Bu yaxınlarda - 15 may tarixində Əkbər Fərzəliyevin anım günü idi...
Onun qəribə taleyi olub: əvvəlcə daxil olduğu ali məktəbi yarıda buraxıb, sonra ikinci ali təhsil alıb, tələbə ikən teatrda işləyib, ardınca kinoya çəkilib, daha sonra sənəti ataraq doğma rayonuna köçüb və orada hüquqşünas kimi fəaliyyət göstərib...
Əslində, onun sənət yolu teatrın kulisindən başlamışdı. O illərdə Azərbaycan Dövlət Dram Teatrının səhnəarxasında olmaq belə gənc aktyor üçün böyük məktəb sayılırdı. Dövrünün məşhur korifeylərini yaxından görmək, onların nəfəsini hiss etmək Əkbər Fərzəliyev üçün universitetdən də böyük dərs idi. O özü sonralar həmin günləri həyatının ən böyük xoşbəxtliklərindən biri adlandırmış və bu barədə özünün yazdığı "Mənim kino xatirələrim” adlı memuarında qeydlər etmişdi:
“Kinoya ilk gəlişim təsadüfi olub, 1955-ci ildə bir qrup tələbə yoldaşımla kinostudiyada çəkilən "Bəxtiyar” filmində kütləvi səhnələrə dəvət olunmuşduq. Sevincimdən sanki uçurdum. Kino ekranında özümü görmək mənə qəribə və ecazkar gəlirdi”, - deyə o, "Mənim kino xatirələrim” memuarında yazıb. Ə.Fərzəliyev "Bəxtiyar” (1955), "O olmasın, bu olsun” (1956), "Qızmar günəş altında” (1957), “Ögey ana” (1958), “Əsl dost” (1959), "Koroğlu” (1960), "Mollanın sərgüzəşti” (1960), "Bizim küçə” (1961) və daha bir neçə filmdə müxtəlif rollar oynayıb. 1956-cı ildə çəkilən “O olmasın, bu olsun” filmində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin gənclik obrazını canlandırmaq təsadüfən ona həvalə olunmamışdı. Quruluşçu rejissor Hüseyn Seyidzadə Üzeyir bəyə çox oxşayan Əkbər Fərzəliyevi tərddüd etmədən “O olmasın, bu olsun” filminə çəkmişdi. Hətta bununla kifayətlənməyib aktyoru Üzeyir bəyin xanımı Məleykə Terequlovanın yanına tanışlığa da aparmışdı. “O zaman (1956-cı ildə) Məleykə xanım sağ idi və "Kommunist” küçəsindəki (indiki "İstiqlaliyyət”) "monolit” adlanan binada yaşayırdı. Hüseyn müəllim (Seyidzadə), mən və başqa bir nəfər maşına oturub yola düşdük. ...Hüseyn müəllim rusca məni ona təqdim etdi. Qarı üzümə diqqətlə, oxu linzası ilə baxıb: "Doğrudan da Üzeyirimi mənə pay gətirmisiniz”,-dedi. Onların evindəki şəkillərin əksəriyyətində mənim oxşar cizgilərim hiss olunurdu. Biz çıxanda qarı mənə uğurlar dilədi”, - Əkbər Fərzəliyev "Mənim kino xatirələrim” adlı memuarında yazıb.
Filmdə şəhərdən kəndə işləməyə gələn gənc həkim Aydın Zeynalovun fədakar əməyindən, burada ilk məhəbbətini tapmasından bəhs olunur.
Aydınin simasında o dövrün insanı öz gələcəyini, ideallarını, təmiz niyyətlərini görürdü. Əkbər Fərzəliyev həmin rolu içdən yaşayaraq oynamışdı. Onun baxışlarında süni pafos yox idi. Aydın obrazını unudulmaz edən də məhz bu təbiilik idi. Tamaşaçı da ona aktyor kimi yox, doğma adam kimi inanırdı.
Səbəb nə idi?
Bəlkə kino mühitinin sərt qanunları, bəlkə bölgəyə bağlılıq, bəlkə də şöhrət dalınca qaçmayan xarakteri…
Əkbər Fərzəliyev sənətdən küsmədi. Sadəcə, həyatını başqa cür yaşamağı seçdi.
Əkbər Fərzəliyev yalnız aktyor deyildi - elə onun həyatının ən maraqlı tərəflərindən biri də bu idi.
O hüquq təhsili almışdı, bir müddət hüquqşünas, hətta məhkəmə hakim kimi çalışdı. Sənətlə hüququ bir ömrə sığdırmaq hər adama nəsib olmur. Bir tərəfdə səhnə işığı, digər tərəfdə məhkəmə zalının soyuq ciddiyyəti… Bu iki fərqli dünyanın arasında o, öz insanlığını qoruyub saxlaya bildi.
Əkbər Fərzəliyevin sənət yolunu araşdırmış Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin sözlərinə görə, o, 67 illik ömrünün 40 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına həsr etmişdi. “Əkbər Fərzəliyev mərd adam idi, onun fikirləri ilə əməlləri üst-üstə düşürdü. Böyüklərə, xüsusilə valideynlərə hörmət onun üçün ən ümdə məsələ idi. Onun üçün ata sözündən çıxmaq valideynlərə xəyanət etmək demək idi… Əkbər Fərzəliyev məhz atasının arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunu yarımçıq qoyub Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Müsahibələrinin birində ona verilən "Nə üçün aktyorluğu atıb hüquqçu oldunuz” sualına belə cavab vermişdi: "Atamın bir kəlməsi mənim üçün təkzibedilməz qanun idi. Valideynlərimin vəsiyyəti ilə hüquqçu oldum. Onlar məni bu sahədə görmək istəmişdilər””.
Halbuki Azərbaycan kinosunun tarixində “Qızmar günəş altında” filminin Aydını hələ də yaşayır. Film bu gün də sevilərək izlənilir.
Bütöv sənət adamı olan Əkbər Fərzəliyev həm də şeirlər yazırdı. “İntizar”, “Qusarım”, “Gəl barışaq”, “Zalım fələk” kimi poetik nümunələr onun daxilindəki həssas insanı göstərirdi. "İntizar" şeirinə bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib və həmin mahnı bu gün də müxtəlif müğənnilərin ifasında səslənir. Ə.Fərzəliyev 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunub və 1993-cü ilin sonunadək bu vəzifədə çalışıb. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi də işləyib. 1999-cu il mayın 15-də ağır xəstəlik nəticəsində dünyasını dəyişən Əkbər Fərzəliyev bu gün kino tariximizin səssiz qəhrəmanlarından biri kimi xatırlanır. O, fəxri ad almadı. Barəsində böyük tədbirlər keçirilmədi. Adı tez-tez televiziya verilişlərində çəkilmədi. Amma ən böyük mükafatı xalq yaddaşı oldu. Bu gün Azərbaycan tamaşaçısı “Qızmar günəş altında” filmini xatırlayanda ilk yada düşən simalardan biri yenə də Aydındır. Və o Aydının çöhrəsində Əkbər Fərzəliyevin saf, işıqlı baxışları yaşayır.
Kinoşünas Aydın Kazımzadənin sözlərinə görə, vəfatının 40-cı günündə Qusarda nəşr olunan “Samur” qəzetində Əkbər Fərzəliyevin 1998-ci ildə övladlarına yazdığı “Vəsiyyətnaməsi” çap olunmuşdu. Bu ibrətamiz vəsiyyətnamədə Əkbər Fərzəliyev övladlarına yazırdı:
Bəziləri isə bir obrazla yaddaş olur.
Əkbər Fərzəliyev həmin yaddaş adamlarından idi... Ə.Qafarlı
Bu xəbər ilə bağlı Yaddan çıxmış sənətkarlar: “Sən niyə susursan?” filminin qəhrəmanı Azərbaycandan niyə GEDİB... - FOTOLAR Xəbəri oxu