Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə ölənlərin sayı ilə bağlı müxalifəti ittiham etməsinə cavab verib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, Koçaryan hökumət həlak olanların tam siyahısını açıqlamalı olduğunu deyib.
“Bu gəncləri döyüşə çağıranda onların ad-soyadları var idi, yoxsa yox? Tabutlar nömrələnmişdi. Ona görə də deyirik: bu insanların qəhrəmanlığına hörmət edin, onların adlarını dərc edin, xatirə kitabı yaradın. Əgər sayda səhv etmişiksə, üzr istəyərik”, – deyə sabiq prezident Vedidə çıxışı zamanı bildirib.
O vurğulayıb ki, qəhrəmanlarını hörmətlə anmayan xalqın gələcəkdə qəhrəmanları olmayacaq.
Qeyd edək ki, daha əvvəl Paşinyan İrəvanda təşviqat zamanı vətəndaşlardan birinin “təxminən 5 min nəfərin öldüyü” ilə bağlı iradına sərt reaksiya vermişdi.
Ermənistan hakimiyyətinin son məlumatına görə, 2020-ci ilin 44 günlük müharibəsində ümumilikdə 3833 nəfər həlak olub. Onlardan 78-i mülki şəxs, 3755-i isə hərbçi olub.