Azərbaycanda üçuşaqlı bir ailə. Yüzlərlə belə ailədən sadəcə biri, amma özünəməxsus bir ailə. Fərqliliyə həyat verən, ilk övladının doğulması ilə xarakterini, dünyaya baxışını, insanlara yanaşmasını dəyişən bu ailənin o uşaq, onun təhsili üçün istəyib edə bilmədiyi nə qalıb? Özü dəyişməklə kifayətlənməyib, ətraflarını da dəyişdirməyə başlayıblar. Fərqli bir körpəyə təhsil verib cəmiyyətdə fərq yaradıblar, o fərqliliyi cəmiyyətə tanıtdırıb, dünyaya qazandırıblar. İki yaşlı körpələrinin fərqləndiyinin səbəbini anlayan kimi onunla birgə gedəcəkləri yolu müəyyənləşdiriblər. O yolda atdıqları addımlar Azərbaycan üçün ilk ləpirlər sayılıb. Cığır açıb, son 15 ildə o cığırı yavaş-yavaş, səbrlə genişləndiriblər.
“Azərbaycan müəllimi” “Ailə günü”ndə onları – Eynalovlar ailəsini təqdim edir. Çoxları üçün nümunə olan ailənin 2 üzvünü cəmiyyət yaxşı tanıyır. Ana – Aytən Eynalova vətəndaş cəmiyyətinin fəallarındandır. "Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və sədridir. Təhsil işçisi, tədqiqatçı, alimdir. Onu alim edən səbəb elə ana edən övladı Həmzədir.
Həmzə Eynallı 22 yaşındadır. 2 yaşında autizm diaqnozu qoyulub. Türkiyədə başladığı xüsusi təhsilə 2013-cü ildə “Birgə və Sağlam” İctimai Birliyi Autizm Mərkəzi qurulandan sonra burada davam edir. 2024-cü ildən etibarən ölkədə ilk və tək inklüziv kafesi olan “Kaşalata”da aşpaz köməkçisidir.
Yeri gəlmişkən qeyd edək ki, sözügedən kafenin ideyası Həmzənin yemək sevgisindən qaynaqlanıb. Ailəsi uzun müddət onun ən sevdiyi və bacardığı işin nə olduğunu müəyyənləşdirməyə çalışıb. Sonra onun yemək yeməyi çox sevməyindən yola çıxaraq onun özünə yemək bişirməsi üçün bu bacarığını inkişaf etdirmək istiqamətində yol xəritəsi müəyyənləşdiriblər. Anası deyir onun gündəlik fəaliyyətini planlayıb və həyata keçirdikcə uğurlu olduğunu görüblər: “Türkiyədə yaşadığımız dövrdə salatı qaşıqla yeyir, bütün yeməklərə “qaşıqla salat” sözlərini birləşdirərək “kaşalata” deyirdi.
Həmzənin iki sözü birləşdirərək dediyi söz sonradan onun işlədiyi kafenin adına çevrilib: “Həmin kafe 2017-ci ildən ölkənin ilk və hələ də tək inklüziv kafesi olaraq fəaliyyət göstərir. Autizm mərkəzinin nəzdində açılan kafeni ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva 3 dəfə ziyarət edib. Kaşalata kafe artıq şəhər mərkəzində də fəaliyyətini davam etdirir”.
Anası deyir ki, Həmzənin tezliklə peşə təhsili alması da mümkün olacaq:
“Hazırda ölkəmizdə peşə təhsili müəssisələrinin autizm spektri və ümumilikdə neyromüxtəliflik xüsusiyyətlərinə malik şəxslərin peşə hazırlığı və inklüziv təhsil ehtiyaclarına tam uyğunlaşdırılması hələ də inkişaf mərhələsindədir. “Birgə və Sağlam” İctimai Birliyi SOCAR Midstream Gas Operations (SOCAR MGO) və onun Cənubi Qafqaz Boru Kəmərindəki (CQBK) tərəfdaşları tərəfindən maliyyələşdirilən layihə çərçivəsində inklüziv yanaşmaların gücləndirilməsi, əlilliyi olan gənclərin bacarıqlarının inkişaf etdirilməsi və onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətlər həyata keçirir. “Həmzə orta dərəcəli Autizm diaqnozu almış aşpazdır. Tam təhsil ala biləcək səviyyədə olmasa da, bacarıqlıdır. Əminəm ki, bu təhsil onun da çox xoşuna gələcək. İndidən öz tarixçəsi, öz ideyası olan, öz sözü ilə adlandırılan Kaşalata kafedə öz dizaynı ilə salatlar hazırlayır. Biz də çox sevinirik ki, o, hər gün işə gedir. Ölkənin sosial yükünün azalmasına töhfə, bizim kimi ailələrin həyat keyfiyyətinin artırılmasına dəstək verir”.
Həmzə bu səviyyəyə doğulduğu ailə sayəsində gəlib. Diaqnozu qoyulan gündən anası Həmzənin vəziyyətini həyatının mərkəzinə qoyub. Nəticədə autizm onun üçün yalnız bir diaqnoz deyil, seçmək zorunda qaldığı həyat tərzi, araşdırması gərəkən tədqiqat mövzusuna çevrilib. O bunu bir az da autizmdən xəbərsiz, uşaq böyüdərkən çox böyük səhvlərə yol verən Azərbaycan cəmiyyəti üçün edib. “Mən uşağı ağlayır deyə avtobusdan zorla endirilmiş anayam”, - deyən Aytən Eynalova o günü hələ də xatırlayır: “Avtobusda böyük təzyiq göstərərək mənə dedilər ki, ya uşağı susdur, ya da avtobusdan düş. Mən isə əksinə, uşağı qucaqlayaraq, sığallayaraq, öpərək susdurmağa çalışırdım. Ətrafımdakılar israrla məsləhət görürdülər ki, şillə vur. Amma mən aqressivləşmədim, avtobusdan düşüb hönkür-hönkür ağladım”.
Halbuki bu vəziyyətdə olan bir ana ətrafındakı insanlardan başqa təpki gözləyər. O da görmədiyi həmin münasibəti göstərməyə qərar verib: “O qədər insan arasında necə ola bilər ki, bir nəfər də olsun məndən soruşmadı ki, nəyəsə ehtiyacım varmı? Mənə necəsə kömək edə bilərmi? O sual mənə bəs edərdi. Yanımda bacımın uşaqları var idi, onlara nəzarət etməkdə mənə kömək edə bilərdilər. O gün özümə söz verdim ki, bu cəmiyyət maariflənməlidir və bu prosesdə mən yaxından iştirak edəcəyəm”.
Təhsil işçisi oğlunun həyatını məhz təhsillə dəyişdirdi
Ana autizmli uşağında dəyişikliyi çox erkən mərhələdə anlasa da, qoyulan diaqnozu eşidəndə təsirlənib, dünyası başına yıxılıb: “Oğlumun bütün inkişaf mərhələləri normal irəliləyərkən 1 yaş yarımından sonra birdən prosesin dayandığını, reqres baş verdiyini gördüm. Nitqi var idi, daha danışmadı, göz kontaktı qururdu, əlaqəni itirdi, reaksiyası vardı, o da tamamilə yox oldu. Ana olaraq bunu gördükcə təşvişə düşdüm və yollar axtarmağa başladım. Həkimlərə getdim, dedilər “Uşaqda hər şey normaldır, problem səndədir”, dövrün ən məşhur həkimlərinə müraciət etdim, dedilər “Sən çox kaprizli anasan”. Bu şəkildə 8-10 ay vaxt itirdim. Sonrada çarəni başqa yerdə axtardıq. Belə ki, mən də, atası da Türkiyədə təhsil almışıq. Qərar verdik ki, onu Türkiyəyə aparaq. 2006-cı ildə getdik və 10 dəqiqə içərisində diaqnoz qoyuldu. Əslində, o vaxta qədər mən müəyyən araşdırma aparmışdım, övladımın autizmli olduğuna dair ehtimalım vardı. Buna baxmayaraq, həkimin şübhəmi təsdiq etməsi ilə dünya başıma yıxıldı. Həkimdən qayıdarkən atasından xahiş etdim ki, uşağı parka aparsın. Özüm isə evə gəlib hönkür-hönkür ağladım. Sonra öz-özümə dedim: “Aytən, diaqnozu aldın, ağladın, bəs indi nə edəcəksən?” Xaraktercə problemdən çıxış yolu axtaran bir adamam. Qarşımda iki yol vardı, ya məyus olacaq, ağlamağa davam edəcək, uşağımla birlikdə mən də bir autizmli kimi sosial ünsiyyət sferasında sıxıntı yaşayacaq, nəticədə övladıma zərər vuracaqdım, ya da mübarizə aparacaq, başqa çətinliklərlə rastlaşanda hansı yol izləyirdimsə, bu dəfə də elə edəcəkdim. Təbii ki, ikinci yolu seçdim və bu yolda mənə ən böyük dəstəyi təhsilim verdi. Pedaqoji ixtisas üzrə xaricdə təhsil almışam, bir çox mövzuda məlumatlıyam. Bu da mənə imkan verdi ki, uşağımla birlikdə qarşılaşdığımız problemlə mübarizədə güclü qalım. Ailə olaraq Türkiyədə yaşamağa qərar verdik. Orda qaldığımız 6 il ərzində övladımızın həyatında çox önəmli olan bir yol izlədik. Hər ikimiz vaxtımızın 2 saatını ona ayırdıq. O vaxt erkən müdaxilə yaşı 6 yaşa qədər hesab olunurdu, indi isə 2 yaş belə gecikmiş sayılır. Uşağa autizm diaqnozu qoyulandan sonra ilk iş onun təhsilə cəlb edilib-edilə bilməyəcəyini müəyyənləşdirməkdir. Biz Həmzənin 6 yaşına qədər olan dövrü yaxşı dəyərləndirməyə çalışdıq, həm xüsusi təhsilə cəlb etdik, həm də hər birimiz ayrı-ayrılıqda ona zaman ayırdıq”.
“Bu diaqnozu eşidəndə ürəyimdə qorxu, beynimdə çoxlu suallar yarandı” Atası Həzi Eynalov Həmzəyə autizm diaqnozu qoyulan günə qədər olan həyatını, sonrakı həyatı ilə həm şəxsi, həm də ata olaraq fərqləndirir: “O günə qədər ailənin rifahı, maddi təminatı, karyeram ilə maraqlanırdım, öz sahəmdə akademik fəaliyyətim vardı, yəni günümün böyük hissəsində öz işimlə məşğul idim. Amma Həmzənin autizmli olduğunu öyrəndikdən sonra həyatımız, eləcə də bir ata olaraq mən dəyişdim. Təbii ki, ən böyük problem - qəbul etmək olduqca çətin idi. Bir ata kimi insan öz övladı üçün həmişə ən yaxşı gələcəyi xəyal edir. Amma bu diaqnozu eşidəndə ürəyimdə qorxu, beynimdə çoxlu suallar yarandı. Görəsən, necə olacaq? Onun gələcəyi nə olacaq? Biz bu çətinliyin öhdəsindən gələ biləcəyikmi? Ailə olaraq, valideyn olaraq bu sınaqdan çıxa biləcəyikmi? Amma zaman keçdikcə insan başa düşür ki, ən vacib şey qorxmaq yox, övladının yanında olmaqdır. Bir ata olaraq çalışdım ki, övladımın, ailəmin yanında olum. Həmzənin müalicəsi üçün biz Türkiyəyə getmək məcburiyyətində qaldıq. O dövr həm maddi, həm də mənəvi baxımdan çətinliklərlə dolu illər idi. Hər gün saatlarla reabilitasiyada vaxt keçirir, bəzən yorğun, bəzən də ümidsiz hiss etdiyimiz günlər olurdu. Reabilitasiyadakı prosesi evdə də təkrarlamaq məcburiyyətində qalırdıq. Amma Həmzədə kiçik bir inkişaf görən kimi yorğunluğumuzu unudurduq. Onun ilk dəfə gözümün içinə baxdığı, yaxud hansısa tapşırığı həll etdiyi indi də yadımdadır. Bu kiçik addımlar bizim üçün böyük hadisə idi. Təbii ki, gedişat həyatımıza, ata olaraq mənim həyatıma çox ciddi təsir göstərdi. Təsəvvür edin, əvvəlki qədər iş düşünə bilmirsiniz, prioritetləriniz dəyişir, artıq həyatınızın mərkəzində övladınız durur. Bu da təbii ki, müəyyən qədər işdən geri qalmalar, müəyyən maddi çətinliklər meydana gətirirdi. Amma düşünürdüm ki, bir ata olaraq övladımın yanında olmağım hər şeydən vacibdir və bunu eləməyə çalışırdım. Ən böyük məqsədim ailəmə güc vermək, onlara dəstək olmaq idi. Xüsusilə də həyat yoldaşıma həm mənəvi, həm fiziki olaraq dəstək olmağa, bu yolda tək olmadığını ona hiss etdirməyə çalışırdım. Ailə birlikdə olduğu zaman güclüdür və bu bizim üçün hər zaman vacib olub”.
Həmzə ilə bərkiyən bu möhkəm ailənin üzvlərinin xarakterinə Həmzə ilə yaşamaq bir çox şey qatıb. Ata Həzi Eynalov həyatı Həmzə ilə yenidən öyrəndiyini deyir: “Bir ata olaraq deyə bilərəm ki, Həmzə mənə həyatı yenidən öyrətdi. Səbr etməyi, kiçik uğurlara sevinməyi, sevgini, “səadət” sözünün mənasını onunla öyrəndim”.
Ata tövsiyəsi: bu diaqnozdan qorxmayın
Ata Həzi Eynalovun ailələrə, xüsusən atalara tövsiyəsi var: “İlk tövsiyəm odur ki, belə bir vəziyyətlə qarşılaşan insanlar, ailələr, atalar diaqnozdan qorxmasınlar, ailəni tək buraxmasınlar. Təəssüflər olsun ki, belə ailələrdə boşanmaları çox müşahidə edirik. Uşaqlarını gizlətməsinlər, cəmiyyətə inteqrasiya etdirməyə çalışsınlar, onlardan uzaqlaşmasınlar, əksinə onlara daha çox yaxın olsunlar. Ailədə başqa övlad da varsa, böyük-kiçikliyindən asılı olmayaraq, onlara da diqqət göstərsinlər. Bəzən olur ki, həm ata, həm də analar diqqətlərini daha çox autizmli övladlarına yönəldir, digər övladlarına olan qayğıları, sevgiləri müəyyən qədər azalır. Bu, gələcəkdə çox ciddi problemlərə yol aça, digər bacı və qardaşların psixologiyasına, onların inkişafına neqativ təsir göstərə bilər. Bu balansı saxlamalarını arzu edirəm”.
“Autizmli uşağın ən böyük ehtiyacının onun atasının və ailəsinin sevgisi və dəstəyi olduğunu düşünürəm” – deyən Həzi Eynalov uşağın inkişafında atasının rolunu ayrıca qeyd edir: “İstər autizmli olsun, istərsə də tipik inkişaflı uşaqların həyatında ata obrazı çox əhəmiyyətlidir Gördüm ki, ata müəyyən şeylərə inandıqca, ailəyə dəstək verdikcə uşaq daha da güclənir. Təbii ki, bu yol asan yol deyil, amma sevgi ilə insan çox güclənir”.
“Qardaşımın varlığı mənə insanların sevgisini, ümumiyyətlə hisslərini heç də hər zaman olduğu kimi göstərmədiklərini öyrədib”
Həmzəyə sevgisi xarakterinə təsir edən, dünyagörüşünü formalaşdıran 17 yaşlı Nuray Belçikanın Brüssel şəhərində VUB Universitetində “Biznes, iqtisadiyyat” fakültəsində oxuyur. Onu şəxsiyyət kimi formalaşmağına təsir edən sadəcə qardaşı yox, bütövlükdə ailəsi olub. O, ailəsinin təsis etdiyi ictimai birliyin könüllüsü, “Mavi Ürəklər” inklüziv musiqi qrupunun solisti olub və deyir ki, qardaşının təsirini hələ kiçik yaşlarından hiss edib: “Qardaşımla birlikdə böyümək mənə həyatda çox fərqli və gözəl şeylər öyrədib. İnsanlara qarşı daha anlayışlı və empatiyalı olmağımın ən böyük səbəblərindən biri də odur. Kiçik yaşlarımdan etibarən bəzi şeylərə başqa gözlə baxmağı öyrənmişəm”.
Amma Həmzənin bacısı olmağın çətin tərəfləri də olub: “Elə anlar olurdu ki, onu başa düşmək çətin idi və ya bəzi mövzularda digər ailələrdən fərqli olduğumuzu hiss edirdim. Amma zaman keçdikcə bunun mənə daha çox səbr və məsuliyyət hissi qazandırdığını gördüm. Qardaşımın varlığı mənə insanların sevgisini, ümumiyyətlə hisslərini heç də hər zaman eyni şəkildə göstərmədiyini öyrədib. Onunla böyümək məni bugünkü insan edən əsas şeylərdən biridir və buna görə özümü şanslı hesab edirəm”.
7 yaşlı balaca bacısı Safiyə isə Həmzəni sadəcə sevir, özü də dünyalar qədər.
Ən ağır dərəcəli sağlamlıq imkanları məhdud şəxslər, əlilliyi olan insanlar belə təhsilə cəlb olunur, müəyyən bacarıqlar qazanır və cəmiyyətə inteqrasiya edilirlər
Bir sözlə, oğlunun təhsili üçün başlayan mübarizəsi cəmiyyətin maarifləndirilməsi istiqamətində genişlənən Eynalovlar ailəsi məhz təhsil sayəsində Həmzənin asılılığını azaldıb, müstəqil hərəkətini, nisbətən sərbəstliyini təmin ediblər: “Övladım orta dərəcəli autizmdir. Bizdən asılı bir insandır, təkbaşına heç yerə gedə bilmir. Amma bu gün o, ölkənin tək inklüziv kafesində aşpaz köməkçisidir”.
Təhsil onların həyatında mühüm rol oynayıb. Təhsil işçisi öz oğlunun həyatını məhz təhsillə dəyişdirəcəyini tez anlayıb, vaxtında dəyərləndirib: “Hər bir insan təhsil ala bilər. Əsas odur ki, təhsildə davamlılıq təmin olunsun, doğru insanlarla o yolu getsin. Biz dünyanın bir çox ölkəsində olmuşuq, Amerika, Avropa, Türkiyə, Rusiyada görmüşük ki, ən ağır dərəcəli sağlamlıq imkanları məhdud uşaqlar, əlilliyi olan insanlar belə təhsilə cəlb olunur, müəyyən bacarıqlar qazanır və cəmiyyətə inteqrasiya edilirlər. Ən ağır dərəcəli autizmi olan şəxslərin işlədiyini görmüşük. Bu bir həqiqətdir ki, insanın ciddi fiziki məhdudiyyətləri yoxdursa, hər şey etmək mümkündür. Bu baxımdan, doğru yolu izləmək çox vacibdir. Valideyn özü də bu prosesdə iştirak etməli, uşağın inkişafı üçün əmək sərf etməlidir”.