Bakı. Trend:
Rusiyanın Sakit Okean Donanmasının (SOD) axtarış ekspedisiyası Böyük Pyotr körfəzinin sularında ötən əsrin əvvəllərində batmış gəmini aşkar edib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
“Böyük Pyotr körfəzinin akvatoriyasının tədqiq olunması nəticəsində Sakit Okean Donanmasının qüvvələri dəniz dibində yerləşən bir gəmini aşkar edib. İlkin məlumatlara görə, bu, 1906-cı ildə Vladivostoka yaxınlaşarkən mina partlaması nəticəsində zədələnərək batmış ‘Knyaz Qorçakov’ paroxodudur”, — deyə SOD mətbuat xidmətinin məlumatında bildirilir.
Arxiv sənədlərinə görə, “Knyaz Qorçakov” Odessa–Vladivostok marşrutu üzrə hərəkət edirdi və Rusiya–Yaponiya müharibəsi (1904–1905) illərində yaponların yerləşdirdiyi dəniz minasına düşərək partlayıb. Gəmi korpusun burun hissəsindən zədələnib. Heyət üzvlərinin gəmini xilas etmək cəhdləri nəticəsiz qalıb və “Knyaz Qorçakov” batıb. Bütün heyət qayıqlarla təxliyə olunmağa nail olub.