Bakı. Trend:
Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında dialoq və əməkdaşlığın təşviqini davam etdirəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan ardıcıl olaraq inkişaf etməkdə olan ölkələr arasında dialoqu, çoxtərəfli əməkdaşlığı və daha sıx qarşılıqlı fəaliyyəti təşviq edir. Bu, o cümlədən bizim COP29-a sədrliyimiz dövründə də belə olub”, – deyə o qeyd edib.
M.Babayevin sözlərinə görə, Qlobal Cənub QHT Platformasının Bakıda yaradılması Azərbaycanın Cənub–Cənub əməkdaşlığının möhkəmləndirilməsinə, eləcə də dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformaların yaradılmasına sadiqliyini əks etdirir.
“Bu platforma sadəcə dialoq məkanı deyil. Bu, fəaliyyət üçün bir qüvvədir”, – deyə o vurğulayıb.
M.Babayev bildirib ki, iqlim dəyişiklikləri ilə mübarizə cəmiyyətin fəal iştirakı, vətəndaş cəlb olunması və sosial həmrəylik olmadan mümkün deyil. Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının I Baş Assambleyasının Bakıda keçirilməsi bu baxışın reallığa çevrildiyini göstərir.
O həmçinin qeyd edib ki, tədbir Azərbaycanda keçirilmiş COP29 zamanı formalaşan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun davamı olub.