Bakı Sağlamlıq Mərkəzinin direktoru, ümumi cərrah Dos. Dr. Asiman Həsənov son dövrlərdə bəzi xəstəliklərin gəncləşməsi, eləcə də həkim–pasiyent münasibətləri ilə bağlı Modern.az saytına müsahibə verib. - Asiman müəllim, “cavanlaşan xəstəliklər” anlayışını tibbi baxımdan necə qiymətləndirirsiniz? Hansı xəstəliklər artıq əvvəlki yaş həddindən daha erkən mərhələdə üzə çıxır? - “Cavanlaşan xəstəliklər” anlayışı tibbdə rəsmi termin olmasa da, praktikada bir çox xroniki xəstəliklərin əvvəllər əsasən orta və yaşlı insanlarda müşahidə olunduğu halda, indi isə daha gənc yaşlarda üzə çıxmasını ifadə edir. Son illərdə xüsusilə ürək–damar xəstəliklərinin, arterial hipertenziyanın, aterosklerozun, 2-ci tip şəkərli diabetin, piylənmənin, metabolik sindromun və qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinin “cavanlaşması” diqqət çəkir. Bu prosesin əsas səbəbləri hipodinamiya, düzgün olmayan və yüksək kalorili qidalanma, xroniki stress, yuxu pozğunluğu, siqaret, artıq çəki və irsi meyillilikdir. Müasir tibbdə damar sistemi artıq ayrı-ayrı orqanlar kimi deyil, bütöv bir funksional sistem kimi dəyərləndirilir. Yəni beyində yaranan damar problemi çox vaxt ürək, böyrək və ya periferik damarlarla paralel inkişaf edir. Risk qrupunda olan şəxslər mütəmadi həkim nəzarətində olmalı, vaxtında müayinələrdən keçməli, arterial təzyiqə, qan şəkərinə və xolesterin göstəricilərinə nəzarət etməlidirlər. Sağlam həyat tərzi, fiziki aktivliyin artırılması, bədən çəkisinin normallaşdırılması və siqaretdən imtina əsas profilaktik addımlardır. Göstəriş olduqda statinlərin və digər müvafiq dərman vasitələrinin uzunmüddətli istifadəsi aterosklerozun inkişafının ləngidilməsində və ağır damar fəsadlarının qarşısının alınmasında mühüm rol oynayır. Yekunda demək olar ki, xəstəliklərin “cavanlaşması” əslində risk faktorlarının erkən yaşlarda toplanmasının nəticəsidir və bunun qarşısını almağın ən effektiv yolu erkən diaqnostika, davamlı tibbi nəzarət və sağlam həyat tərzidir. - Necə hesab edirsiniz, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinə, habelə əlçatanlığına hansı töhfələri verir? - İcbari tibbi sığortanın tətbiqi Azərbaycanda səhiyyə sisteminin həm keyfiyyət, həm də əlçatanlıq baxımından ciddi şəkildə yaxşılaşmasına real töhfə verir. Hazırda istər dövlət, istər özəl, eləcə də TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhali icbari tibbi sığorta xətti ilə geniş spektrli xidmətlərdən yararlana bilir. Ambulator xidmətlərin əsas hissəsi TƏBİB-ə bağlı müəssisələrdə göstərilir, göndərişli xidmətlər, bir sıra stasionar müdaxilələr və təcili tibbi yardım isə bir çox dövlət və özəl xəstəxanalarda göndərişsiz həyata keçirilir. Bu çərçivədə konsultativ müayinələrdən və sadə laborator analizlərdən tutmuş iri cərrahi əməliyyatlara və yüksək texnologiyalı diaqnostik prosedurlara qədər müxtəlif xidmətlər artıq daha sistemli və aktiv şəkildə icra olunur. Bununla belə, icbari tibbi sığortanın tətbiqi hələ tam yekun mərhələyə çatmayıb. Hazırda başlanğıc ilə orta mərhələ arasında olduğumuzu demək olar. Zaman keçdikcə səhiyyə sistemində koordinasiyanın daha da güclənəcəyi, icbari tibbi sığortanın bütün sahələri əhatə edəcəyi və əhalinin tibbi xidmətlərə çıxış imkanlarının daha da artacağı gözlənilir. Perspektivdə baza zərfinin genişləndirilməsi, o cümlədən yüksək texnologiyalı tibbi müdaxilələrin və sosial baxımdan həssas xəstəliklərin müalicəsinin bu zərfə daxil edilməsi mühüm addım olacaq. Xüsusilə insult kimi ağır vəziyyətlərin müalicəsinin baza zərfinə əlavə edilməsi gələcəkdə minlərlə insanın vaxtında və keyfiyyətli tibbi yardıma çıxışını təmin edərək, icbari tibbi sığortanın sosial təsirini daha da gücləndirəcək.
- Siz bu gün Azərbaycan səhiyyəsinin əsas problemlərini nədə görürsünüz? - Bu gün Azərbaycan səhiyyəsinin əsas çağırışları sırasında xidmətlərin keyfiyyətinin vahid standartlar üzrə təmin edilməsi, dövlət və özəl tibb müəssisələri arasında effektiv əməkdaşlığın gücləndirilməsi, eləcə də pasiyent məmnunluğunun davamlı şəkildə artırılması dayanır. Biz, həkimlər və ümumilikdə bütün tibb işçiləri çalışdığımız müəssisənin hansı quruma tabeliyindən asılı olmayaraq, vətəndaşlarımızın tibbi ehtiyaclarının diaqnostika, müayinə və müalicə mərhələlərini koordinasiyalı şəkildə təmin etməliyik. Özəl və ya dövlət tibb müəssisəsi arasında fərq qoyulmadan, istər təcili, istərsə də planlı müraciətlər zamanı hər bir vətəndaşın keyfiyyətli, əlçatan və məmnunluq yaradan tibbi xidmət almaq hüququ var. Bu hüququn təmin edilməsi isə bizim həm peşəkar məsuliyyətimiz, həm də mənəvi borcumuzdur. Yalnız birgə fəaliyyət, qarşılıqlı hörmət və yüksək peşəkarlıq prinsipləri əsasında səhiyyə sistemimizin daha da inkişafına nail ola bilərik. - İndi ümumən cəmiyyəti səhiyyə ilə bağlı bir məsələ xüsusilə maraqlandırır, yerli tibb təhsilini bitirən mütəxəssislərlə xaricdə təhsil alıb çalışan kadrlar arasında bilik və praktiki bacarıqlar baxımından ciddi fərq varmı? - Azərbaycan gəncliyi yüksək fəallığı, çalışqanlığı və çevikliyi ilə seçilir. Gənclərimiz harada təhsil almasından asılı olmayaraq istər ölkə daxilində, istərsə də xaricdə bilik və bacarıqlarını daim artırmaq istiqamətində məqsədyönlü səylər göstərirlər. Son illərə qədər, konkret olaraq Azərbaycanda rezidentura təhsilinin tətbiqinə qədər mövcud olan internatura sistemi praktik bacarıqların formalaşdırılması baxımından yetərli deyildi. Bu səbəbdən diplom və ixtisas vəsiqəsi almış həkimlərin əhəmiyyətli bir qismi klinik şəraitdə müstəqil fəaliyyət göstərməyə tam hazır olmurdu. Rezidentura təhsilinin tətbiqindən sonra isə qısa müddət ərzində ilk həkim-rezidentlər məzun olaraq praktik fəaliyyətə başladılar. Paralel şəkildə, ölkə hüdudlarından kənarda, postsovet məkanında, Avropa ölkələrində, xüsusilə Almaniyada, eləcə də qardaş Türkiyənin aparıcı tibb universitetləri və klinikalarında uzmanlıq təhsili almış gənc həkimlərimiz də bu gün milli səhiyyə sistemində mühüm rol oynayırlar. Bu mütəxəssislər sovet və rus təhsil sistemində formalaşmış təcrübəli kadrlarla birlikdə əhaliyə keyfiyyətli və effektiv tibbi xidmət göstərirlər. Hazırda xəstəxanamızda Seçenov Universiteti, Azərbaycan Tibb Universiteti və Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumilikdə 140-a yaxın rezidenti praktiki təcrübə keçərək təhsil alır. Onların arasında öz üzərində davamlı çalışan, öyrənməyə həvəsli və peşəkar səviyyəsi yüksək olan gənc kadrlar kifayət qədərdir. Belə mütəxəssislər təhsillərini başa vurduqdan sonra müxtəlif tibb müəssisələrində yüksək effektivliklə fəaliyyət göstərirlər. Artıq demək olar ki, ayrı-ayrı spesifik sahələr istisna olmaqla, Azərbaycanda əksər ixtisaslar üzrə rezidentura təhsilini bitirmiş həkimlər sərbəst həkim və sərbəst mütəxəssis kimi tamhüquqlu tibbi xidmət göstərə bilirlər. Bu xidmətlər üzrə əhali məmnuniyyəti göstəriciləri də qənaətbəxş və yüksələn xətt üzrədir.