Azərbaycanda etnik və sosial baxımdan həssas qrupların cəmiyyətə inteqrasiyası uzun illərdir müzakirə mövzusudur. Bu kontekstdə qaraçı (roman) icmasının yaşayış şəraiti, yerli əhali ilə münasibətləri və dövlət təmsilçilərindən gözləntiləri xüsusi maraq doğurur. Ayrı-ayrı regionlarda, xüsusən Bərdə ətrafında bu icmanın sayının artması mövzunun aktuallığını gücləndirir. Məhz bu səbəbdən deputatlar arasında keçirilən sorğu, qaraçı icmasının seçici kimi mövqeyinə və onların problemlərinin parlament səviyyəsində necə dəyərləndirildiyinə işıq salmaq baxımından əhəmiyyətlidir. Azərbaycanda aparılmış son siyahıyaalmaya əsasən, ölkə ərazisində 147 qaraçı (rəqəmlər gerçəkliyi əks etdirmir -red) yaşayır. Onların Yevlax, Ağdaş, Balakən və Bərdə rayonlarında, eyni zamanda Bakı və Sumqayıtda yaşadıqları bildirilir. Modern.az seçiciləri arasında qaraçıların (romanların) da yer aldığı deputatlarla bu icmanın yaşayış tərzi, sosial problemləri və adət-ənənələri barədə söhbətləşib.
110 saylı Balakən seçki dairəsinin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, Balakən rayonunda qaraçılar mərkəzdən xeyli uzaqda yerləşən Gülüzanbinə kəndində yaşayırlar. “Şah Abbasın dövründə Gürcüstana yürüşlər zamanı İrandan gətirilən bu tayfa həmin ərazilərdə yerləşdirilib. Onların bir qismi bu məqsədlə Qax rayonunun Güllük kəndində də məskunlaşıb. Ümumilikdə isə rayonda sayları çox deyil. Balakəndə yaşayanlar da mənim seçki dairəmə aid deyil”. Deputat qaraçıların özünəməxsus ənənələri haqqında da danışıb: “Sovet dövründə onları hərbi xidmətə aparmırdılar, müstəqillik illərində isə bu ənənə aradan qalxdı. Onların özünəməxsus adət-ənənələri olub. Məsələn, SSRİ dövründə ümumilikdə Novruz bayramı rəsmi şəkildə qeyd edilməsə də, onlar bu bayramı təmtəraqlı və özlərinə məxsus şəkildə keçirirdilər. Praktiki olaraq Balakən əhalisi Novruzun qeyd olunmasının bir sıra elementlərini məhz onlardan mənimsəyib. Həmin tayfa bir il ərzində qazandıqlarını əsasən Novruz bayramında tam xərcləyirdi”.
52 saylı Yevlax seçki dairəsinin deputatı İlham Məmmədov saytımıza müsahibəsində qeyd edib ki, yevlaxlılar qaraçılarla artıq qaynayıb-qarışıblar. Onlar təhsil alır, müxtəlif ictimai işlərdə çalışırlar. Deputat onu da qeyd edib ki, digər bölgələrdən fərqli olaraq burada yaşayan qaraçılar falçılıqla məşğul olmurlar.
112 saylı Zaqatala seçki dairəsinin deputat Asif Əsgərov isə onun seçki dairəsinin əhatə etdiyi bölgələrdə heç bir qaraçının yaşamadığını qeyd edib.
Qaraçıların sıx məskunlaşdığı və əsasən baxıcılıq fəaliyyəti ilə məşğul olduğu bildirilən 99 saylı Bərdə seçki dairəsinin deputatı Fatma Yıldırım, eləcə də onların kompakt yaşadığı 55 saylı Siyəzən–Quba–Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli sorğularımıza cavab verməyən deputatlar sırasında yer alıblar. Görünür bu seçki dairəsinin deputatarı ilə əhali arasında ünsiyyət daha zəifdir.