Ötən gün "İdrak" liseyində şagird müəllimini güllələyib. 10-cu sinif şagirdi 29 yaşlı müəlliməsinə ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirib.
Modern.az məsələnin hüquqi tərəfi ilə bağlı araşdırma aparıb.
Saytımıza açıqlamasında hüquq müdafiəçisi Xavər İsmayılova bildirib ki, təqsirləndirilən şəxsin əməlində 2 cinayət əməli var:
“İlk növbədə onu deyək ki, şəxsin əməli cinayət məcəlləsinin 120,126 və 127, eləcə də 228-ci maddələri üzrə tövsif ediləcək. Burada əsas olaraq toplanmış sübutlar əsasında qiymət veriləcək. Əsas amil kimi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin niyyəti nəzərə alınacaq. Niyyət zərərçəkmiş şəxsi öldürmək olmuşdursa və zərərçəkmiş şəxs aldığı xəsarətlərin nəticəsindən vəfat edərsə, bu zaman onun əməli Cinayət Məcəlləsinin 120.1- ci maddəsinin təsiri altına düşəcək. Zərərçəkmiş şəxs sağ qalacaqsa, bu zaman təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1- ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) tövsif ediləcək.
Əgər təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi sadəcə qorxutmaq olubsa, bu zaman zərərçəkmiş şəxsə yetirilən xəsarətin dərəcəsindən asılı olaraq, təqsirləndirilən şəxsin əməli CM-nin 126 (ağır xəsarət yetmirmə) və ya 127-ci ( az ağır zərər vurma) maddələri ilə tövsif ediləcək. CM-nin 126 və ya 127-ci maddəsinin verilməsi isə iş üzrə keçiriləcək eksprt rəylərindən asılı olaraq qiymətləndiriləcək.
Təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah əldə edərək, daşıması da cinayətidir ki, bu da CM-nin 228-ci maddəsi ilə tövsif ediləcək”.
Hüquq müdafiəçisi əlavə edib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından Cinayət məcəlləsinin 120.1-ci maddəsi üzrə hökm verilərsə bu zaman həmin maddələrin sanksiyalarında nəzərdə tutulan cəzanın yarısından çox verilə bilməz:
“Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, gələcəkdə zərərçəkmiş şəxslə barışıq əldə etməsi yüngülləşdirilən hal kimi nəzərə alınacaq və cəza təyinində mühüm əhəmiyyət kəsb edəcək. Yəni şəxsin əməli bu halda -29, 120.1,228.1- ci maddələri ilə tövsif ediləcək 29,120.1- ci maddəsi ilə 7 ildən artıq, 228.1- ci maddəsi ilə 1 il 6 aydan artıq cəza verilə bilməz. Məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Yəni ümumilikdə mimimum 7 il 6 aydan maksimum 9 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər”.