“Əvəllər hər kateqoriyadan olan insan büdcəsinə görə ev ala bilsə də, indi vətəndaşların əksəriyyətinin aldığı əmək haqqı ilə ömür boyu pul toplasan yenə mənzil sahibi olmaq mümkün deyil”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Qiymət artımına səbəb olan faktorlara toxunan ekspert vurğuladı ki, burada əsasən süni amillər problem yaradır:
“Paytaxtın Baş Planı hələ də hazır deyil. Bu gün binalar sıx şəkildə tikilir. Amma hər sökülən beş mərtəbəli binanın yerində də 16 mərtəbəli bina tikmək olmaz. Onun ərazisi, həyətyanı sahəsi qarşısındakı piyada və avtomobil yolu o binada yaşayan insanların sayına uyğun hesablanıb. Həmin ərazidə ən azından dörd–beş qat yüklənərək, çox ciddi problemlərlə üzləşirik. Xüsusilə də tıxac probleminin olması insanların hərəkətliliyinə maneələr yaradır”.
“Söhbət təkcə binaların tikilməsindən deyil, burada olan bütün infrastrukturlardan – su, kanalizasiya qaz xətlərindən də gedir. Bakıya bir az yağış yağan kimi bütün ərazilər gölü xatırladır. Çünki o çəkilən kommunikasiya xətləri sovet döründən qalıb. Əhalinin sayı dəfələrlə artdığı üçün kommunikasiya xəttlərinin gücü buna çatmır. Tikinti dayansa da, amma başqa bir tərəfdən hansısa problem baş verir.”
Xatırladaq ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır.