Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından üç il ötür.
Metbuat.az xatırladır ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz üç ildən bundan əvvəl öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.
Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.
Ağalıda "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb. "Böyük Qayıdış" layihəsi çərçivəsində 2024-cü il yanvarın 18-dək Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər) köçürülüb.
Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur.
Enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur. Kənddə, həmçinin Smart DOST, "ASAN xidmət", Azərpoçt, KOB inkişafı mərkəzləri fəaliyyət göstərir.
Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.