Bakı. Trend:
Böyük yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Parisdə keçirilən görüşdə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli silahların tədarükü sahəsində əldə olunan irəliləyişi müzakirə ediblər.
Bu barədə görüşün yekunlarına dair G7 ölkələrinin Böyük Britaniya hökumətinin saytında dərc olunan birgə bəyanatında bildirilib.
“Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, sistemlərinin və raket-mərmilərin, uzaqmənzilli silahların, eləcə də onun hərbi istehsal imkanlarını genişləndirməsinə şərait yaradacaq lisenziyaların təqdim edilməsi istiqamətində əldə olunan irəliləyişi nəzərdən keçirdik”, - deyə bəyanatda qeyd olunub.
Nazirlər, həmçinin Ukraynaya hərbi yardımın göstərilməsi istiqamətində səyləri artırmaq niyyətində olduqlarını bildiriblər.
Qeyd edək ki, Kiyev daha əvvəl hava hücumundan müdafiə qüvvələri üçün raketlərin çatışmazlığı ilə bağlı dəfələrlə narahatlığını ifadə edib. Oktyabrın 15-də CNN telekanalı mənbələrə istinadən Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının tamamilə tükəndiyini bildirib.