Yay fəslində dəniz sezonunun açılması ilə saçların təbii quruluşuna zərər verən amillər də artır. Duzlu su, günəş şüaları və külək saçlarda quruluq, sərtlik, parlaqlığın itməsi və qırılmalarla nəticələnə bilər.
Metbuat.az-ın məlumatına görə, dənizdən sonra saçlara xüsusi və düzgün qulluq edilməzsə, bu, onların zamanla zəifləməsinə və tökülməsinə səbəb ola bilər.
Ən vacib addım saçları dərhal yumaqdır. Dənizdən çıxdıqdan sonra saçların üzərində qalan duz təbəqəsi təkcə quruluq yaratmır, həm də saç diblərini qıcıqlandıra bilər. Buna görə saçlar bol su ilə yuyulmalı, mümkün olduqda yumşaq tərkibli, nəmləndirici təsirə malik şampun və ya balzam istifadə olunmalıdır.
Saçlar qurudulmadan əvvəl geniş dişli daraqlarla ehtiyatla açılmalıdır. Yaş saçlar daha həssas olduğu üçün onları dartmaq və sıx bağlamaq qırılmalara yol aça bilər. Saçın təbii nəmini qorumaq üçün bitki mənşəli yağlar və ya xüsusi saç spreylərindən istifadə faydalı olar. Belə vasitələr həm saçın qurumasının qarşısını alır, həm də onu günəşin təsirindən qoruyur. Həmçinin dəniz mövsümü boyunca saçlara istiliklə formaverici cihazların (fen, düzləşdirici və s.) təsiri minimuma endirilməli, əvəzində həftədə bir dəfə qidalandırıcı və bərpaedici maskalarla saçlar dəstəklənməlidir.
Ümumilikdə, yay aylarında saçlara göstərilən bir qədər diqqət həm onların sağlamlığını qoruyar, həm də təbii görünüşünü uzun müddət saxlamağa kömək edər. Unutmaq olmaz ki, saç da günəşdən və dənizdən sonra istirahətə ehtiyac duyur.
Sevinc İbrahimzadə / Metbuat.az