Son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları müşahidə edilir. Qızılcaya yoluxan bir neçə azyaşlı vəfat edib.
Belə ki, noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də Kürdəmir rayonunda Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dekabrın 5-i Neftçala rayonunun Aşağı Surra kəndində 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı, dekabrın 13-ü Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu, bu gün isə Şəmkirdə 2019-cu il təvəllüdlü H. Allahyarov qızılcadan dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda qızılcaya yoluxma halları digər ölkələrdən gətirilmədir. Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.
Qeyd edək ki, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Ancaq qızılca əleyhinə peyvənd məcburi deyil. Bəzi valideynlər bundan imtina edir. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2020-2021-ci illərdə təxminən 327 min uşağa I doza, 380 min uşağa isə II doza peyvənd vurulub.
Bəzi həkimlər qızılca əleyhinə peyvəndin məcburi olmasının tərəfdarıdır. Ancaq bu barədə fikirlər birmənalı deyil.
TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır: “Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.
Deputat Müşfiq Məmmədli qızılca əleyhinə peyvəndlənmədə könüllülük prinsipinin doğru yanaşma olmadığını diqqətə çatdırıb:
“Bu sahədə uşaqların icbari dispanserizasiyası məsələsində inzibati xəta yaradan amillər haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlaması da var. Mən 10 gün bundan öncə parlamentin iclasında dispanserizasiyanın önəmini və burada hansı addımların və proqnozların verilməsini önəmini xatırlatmaqda məqsədim ondan ibarət idi ki, dispanserizasiyanı həyata keçirəndə kimlər peyvəndsizdirsə onları aşkar edirik. Hazırda vaksinasiya könüllülük prinsipi daşıyır. Amma vəziyyət ondan ibarətdir ki yoluxmaların sayı günü-gündən artır. Bizim atacağımız addım onadan ibarətdir ki, ilkin səhiyyə xidmətində yerlərdə prosesi gücləndirək ki, uşaq ölümləri olmasın. XXI əsrdə qızılcadan uşaq ölümü olmamalıdır.”
Deputat xəstəlikdə ağırlaşma olduqdan sonra həkim tərəfindən idarə olunmasının çox çətin olduğunu vurğulayıb:
“Məlumatlar ondan ibarətdir ki, qızılcaya yoluxanlar bir neçə gün evdə qalır. Ağırlaşma olduqdan sonra qızılca xəstəliyininin həkim tərəfindən idarə olunması çox çətin olur. Ona görə də ilkin mərhələdə lazımı tibbi yardımlar olmalıdır. Ən əsas məsələ ağırlaşmaların qarşısını almaq və xəstələnməmiş, vaksin olunmamış, sağlam olan uşaqların vaksinasiyasını həyata keçirməkdir. Fikrimcə, burada könüllülük prinsipinə riayət olunması hazırkı durumda doğru yanaşma deyil. Biz burada həm maarifləndirmədən həm tibb işçilərinin köməyindən istifadə etməliyik.”
Hüquqşünas Fərhad Mehdiyev fikrincə, gələcəkdə peyvəndlənməni məcburi etmək olar.
“Epidemik xəstəliyə qarşı peyvəndlənməni müəyyən sanksiya yolu ilə məcburi etmək olar. Məsələn məktəblilər peyvənd vurdurmursa, məktəbə buraxılmır. Çünki peyvənd vurdurmamış uşaq potensial infeksiya daşıyıcısıdır. Yayıcısı ola bildiyi üçün burada sual ortaya çıxır ki, uşağın məktəbə buraxılmaması onun təhsil hüququnun məhdudlaşdırmaqdırmı? Bəli, bu məhdudlaşdırmadır. Lakin qanuni əsaslıdır. Çünki əgər peyvənd olunmayıbsa, ictimai qaydanı pozucu element daşayır. Təbii ki, bu dediyim yoluxma ehtimalı olan xəstəliklərə aiddir. Qızılca xəstəliyi baş qaldırsa, onun üçün peyvəndlənməni şərt qoşmaq olar".
O, peyvənd olunmayan insanlara müəyyən məhdudiyyətlərin qoyula biləcəyi ehtimalından söz açıb.
“Onu qeyd edim ki, heç bir peyvəndi heç bir halda məcbur edib vurdurmaq olmaz. Amma peyvənd vurdurmayan insanlara nə cür sanksiya tətbiq etmək olar? Məsələn burada pul cəriməsi qoymaq olmaz. Amma müəyyən ictimai yerlərə getməkdə onları məhdudlaşdıra bilərsiniz. Yəni bu yoluxucu xəstəlikdir insanlar peyvənd vurdurmaya bilər, öz işləridir, amma başqa insanları yoluxdura biləcəyi şəraiti yaratmamaq lazımdır. Burada da nəzəri olaraq məhdudlaşdırma edəndə minimal etmək lazımdır. Məsələn insanlar peyvənd vurdurmasa belə müəyyən tədbir görməklə ictimai təhlükəni azaltmış olacaqsa, bu şəkildə də davrana bilərik. Buna COVID pandemiyası zamanı maska tətbiqini misal göstərə bilərik. Məhdudlaşdırmanın gətirilməyinin əsas səbəbi budur ki, bu xəstəlik yoluxucudur, insanların sağlamlığına ciddi təhlükə törədir.”
Həkim-cərrah Adil Qeybulla da təcili vaksinasiyanın vacibliyini vurğulayıb.
“İndiki vaxtda peyvəndlənməyə çağırış yox, məsələnin təşkili lazımdır. Ölkədə epidemoloji vəziyyət yaranıb. Təkcə Azərbaycanda yox, bütün dünyada bu artım tendensiyası var. Qızılcaüzrə statistikaya baxsaq, dünyada artım müşahidə olunur. Biz infeksiya zəncirini qırmaq üçün təcili vaksinasiyaya başlamalıyıq. Valideynlər də təcili olaraq övladlarını vaksinasiya etdirməlidir. Bu iş təşkil edilməli və respublika üzrə aparılmalıdır. Biz bu üsulla bunu lokallaşdıra bilər və infeksiyaya qalib gələ bilərik” - deyə həkim bildirib.
Təhsil eksperti Elçin Muradov isə peyvənd məsələsinin məcburi olmasının tərəfdarı deyil.
"Çünki azyaşlı uşaqların o peyvəndə hansı reaksiyanı verəcəyi bilinmir. Lakin peyvənd olunmanın tərəfdarıyıq. Peyvənd olunanların xəstəliyə qarşı olan immunitetinin yarandığının şahidi oluruq. Bunu biz koronavirus zamanıda müşahidə etdik. Ona görə də azyaşlıların peyvənd olunması müsbət haldır. Qızılca o qədər də böyüdüləsi bir xəstəlik olmadığı üçün, fikrimcə, bir həftəlik distant təhsilə keçəndən sonra ənənəvi dərs formasına qayıtmaq olar. Ölüm halları isə qızılca xəstəliyi ilə əlaqəli olan bir şey deyil. Qızılca xəstəliyinin düzgün müalicə olunmaması ilə bağlı olan bir şeydir", - ekspert deyib.
İsmayıl Bakuvi
