Bakı.Trend:
Meksikada hərbçilərlə narkokartel üzvləri arasında silahlı toqquşma baş verib, iki nəfər ölüb.
Bu barədə "Milenio" qəzeti məlumat yayıb.
Nəşrin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, hadisə Meksikanın Xalisko ştatının Okotlan bələdiyyəsində baş verib. Ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarına avtomobil qaçırılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn hərbçilər üç avtomobildə hərəkət edən, silahlı və cinayətkar qruplaşmanın üzvləri olduğu ehtimal edilən şəxslərin hücumuna məruz qalıblar.
Hərbçilər hücum edənləri təqib etməyə başlayıb və zirehli nəqliyyat vasitəsinə çırpılıblar. Bundan sonra tərəflər arasında atışma baş verib. Nəşrin məlumatına görə, hücum edənlərdən ikisi öldürülüb, bir hərbçi isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları, həmçinin şübhəlilərdən birini – Honduras vətəndaşını saxlayıb.
Qəzetin məlumatına görə, avtomobildən Meksikanın "Xalisko Yeni Nəsil" (CJNG) narkokartelinə məxsus pulemyot, üç tüfəng və iki qumbara götürülüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən qaçan silahlı qruplaşma üzvlərinin axtarışını davam etdirir və ərazidə patrul xidməti həyata keçirirlər.