Bakı. Trend:
Milli mədəniyyətin qorunması ilə yanaşı, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetlərindəndir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, müzakirələrin əsas məqsədi Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirləri təhlil etməklə yanaşı, onların mədəniyyət sahəsində gələcək fəaliyyət üçün yaratdığı imkanları müəyyənləşdirməkdir.
Polad Bülbüloğlu qeyd edib ki, Bakı Prosesi və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın bu istiqamətdə beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin nümunəsidir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev milli mədəniyyətin qorunması ilə yanaşı, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə də xüsusi əhəmiyyət verir.
Komitə sədrinin sözlərinə görə, Milli Məclisin Mədəniyyət komitəsinin vəzifələrindən biri mədəniyyət sahəsində mövcud çağırışları müzakirə etmək, yeni təşəbbüsləri dəstəkləmək və zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaqdır.
O, ictimai müzakirədə müxtəlif sahələri təmsil edən alimlərin, deputatların, sənətşünasların və mədəniyyət xadimlərinin iştirakının fikir mübadiləsinə xüsusi məzmun verdiyini vurğulayıb.
Polad Bülbüloğlu bildirib ki, məruzəçilərin Prezident İlham Əliyevin çıxışında əks olunan təklifləri öz fəaliyyət sahələri ilə əlaqələndirməsi vacibdir.
"Əminəm ki, bu gün apardığımız fikir mübadiləsi Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək”, – deyə o qeyd edib.
Komitə sədri mədəniyyətin xalqın keçmişini yaşadan, bu gününü zənginləşdirən və gələcəyinə istiqamət verən mənəvi sərhəd olduğunu vurğulayıb.
“Bizim vəzifəmiz bu sərhədi qorumaq, dünyaya tanıtdırmaq və gələcək nəsillərə layiqincə ötürməkdir”, – deyə Polad Bülbüloğlu əlavə edib.