Bakı. Trend:
Ötən gecə Bəhreynin adasında ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarı vurularaq məhv edilib.
Bu, barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“SEPAH-ın Hərbi Hava Qüvvələri ABŞ-nin İranın Sirik adasında telekommunikasiya qovşağına hücumuna cavab olaraq Bəhreyndə Birləşmiş Ştatların ordusuna məxsus erkən xəbərdarlıq radarını vuraraq məhv edib”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, bu, Hörmüz boğazında neftin qeyri-qanuni şəkildə keçirilməsinə son qoyulması üçün ABŞ-yə ciddi xəbərdarlıqdır. Belə hadisələrin davam etməsi qarşılığında SEPAH sərhəddən kənar addımlar atmaq üçün tam hazır vəziyyətdədir. ABŞ ordusunun dəstəyinə inanan şirkətlər ciddi tənbehlərlə üzləşəcək.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.