Qəbələ. Trend:
Aviasiya sahəsində peşəkar pilotların hazırlanması uzunmüddətli nəzəri bilik, praktiki məşğələlər və ciddi uçuş təcrübəsi tələb edən mürəkkəb prosesdir. Bu prosesdə müasir təlim təyyarələri, uçuş simulyatorları, təcrübəli təlimatçılar və təhlükəsizlik standartları mühüm rol oynayır. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən əsas müəssisələrdən biri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qəbələ Beynəlxalq Hava Limanında yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzidir.
Trend-in Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, təşkil olunan press-tur çərçivəsində jurnalistlər mərkəzin fəaliyyəti, pilotların hazırlanma mərhələləri, təlim təyyarələri, simulyator imkanları və uçuşların təhlükəsizliyinin təmin edilməsi prosesi ilə yerində tanış olublar.
Mərkəz AZAL tərəfindən təsis edilib və 24 oktyabr 2024-cü ildə Dövlət Mülki Aviasiya Agentliyindən təlim təşkilatı sertifikatı alıb. Müəssisənin baş ofisi Heydər Əliyev Beynəlxalq Aeroportunda, əsas uçuş təlimi bazası isə Qəbələ Beynəlxalq Hava Limanında yerləşir.
Mərkəzin fəaliyyəti yalnız ilkin pilot hazırlığı ilə məhdudlaşmır. Burada həmçinin peşəkar pilotların bilik və bacarıqlarının yenilənməsi, təkmilləşdirilməsi, eləcə də stajor pilotların müstəqil uçuş fəaliyyətinə hazırlanması istiqamətində işlər görülür.
Mərkəzdə ATPL(A) inteqrasiya olunmuş pilot hazırlığı proqramı da həyata keçirilir. Təlimlər beynəlxalq aviasiya standartlarına və Dövlət Mülki Aviasiya Agentliyinin müəyyən etdiyi tələblərə uyğun təşkil olunur. Hazırlıq prosesi nəzəri dərslərlə yanaşı, simulyator məşğələlərini və praktiki uçuşları əhatə edir.
Təlim təyyarələri: ilk uçuşdan peşəkar pilotluğa
Press-turun diqqətçəkən məqamlarından biri mərkəzin təlim parkı ilə tanışlıq olub. Hazırda burada ilkin uçuş hazırlığı üçün istifadə edilən beş "Cessna 172S" və ikimühərrikli "Diamond DA42 NG" təlim təyyarəsi, həmçinin bir "ALSIM" uçuş simulyatoru mövcuddur.
"Cessna 172S" əsasən pilotluğa yeni başlayan kursantların ilkin uçuş bacarıqlarına yiyələnməsi üçün nəzərdə tutulub. Bu mərhələdə kursantlar hava gəmisinin idarə olunması, uçuş və eniş prosedurları, eləcə də uçuş zamanı qərarvermə bacarıqlarını mənimsəyirlər. Növbəti mərhələdə isə daha mürəkkəb uçuş tapşırıqlarının yerinə yetirilməsi üçün "Diamond DA42 NG" tipli ikimühərrikli təyyarədən istifadə olunur.
Mərkəzin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, təlim imkanlarının genişləndirilməsi və yerli pilot kadrlarının hazırlanması əsas prioritetlərdəndir.
Onun sözlərinə görə, hazırda mərkəzin imkanları hesabına il ərzində 16 pilot yetişdirmək mümkündür. 2027–2028-ci illərdə bu göstəricinin illik 60 nəfərə çatdırılması hədəflənir.
"Əsas prioritetimiz yerli kadrların hazırlanmasıdır. Təyyarə parkının genişləndirilməsi ölkədə pilot hazırlığı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq", – deyə S.Quliyev vurğulayıb.
O qeyd edib ki, bu ilin sonunadək daha bir "Cessna 172S" təyyarəsinin Azərbaycana gətirilməsi, 2027–2028-ci illərdə isə bu tip hava gəmilərinin sayının 10-u keçməsi planlaşdırılır. Bundan əlavə, 2027-ci ildə bir yeni "Diamond" təyyarəsinin və həmin tip hava gəmisi üçün simulyatorun istifadəyə verilməsi nəzərdə tutulur.
Təyyarələrin sayının artırılması ilə yanaşı, təlimatçı heyətinin genişləndirilməsi də diqqət mərkəzindədir. Hazırda dörd təlimatçı Türkiyədə müvafiq hazırlıq kurslarında iştirak edir. Onların yanvar ayından fəaliyyətə qoşulması ilə təlimatçıların sayının səkkizə çatdırılması, 2027–2028-ci illərdə isə ümumilikdə 19 yeni təlimatçının hazırlanması planlaşdırılır.
Simulyatordan real uçuşa: pilotlar necə hazırlanır?
Pilot hazırlığının mühüm mərhələlərindən biri simulyator məşğələləridir. Bu təlimlər zamanı kursantlar real uçuşa başlamazdan əvvəl müxtəlif uçuş ssenarilərini modelləşdirən şəraitdə öz bacarıqlarını inkişaf etdirirlər.
Mərkəzdə istifadə olunan "ALSIM" simulyatoru praktiki uçuş hazırlığını tamamlayan vasitələrdən biridir. Bundan əlavə, Milli Aviasiya Akademiyasında yerləşən simulyatordan da müvafiq təlimlər üçün istifadə olunur.
Pilot hazırlığı modul və inteqrasiya olunmuş proqramlar əsasında aparılır. Modul əsaslı proqramda namizədlər əvvəlcə doqquz nəzəri imtahan verərək özəl pilot lisenziyası (PPL) əldə edirlər. Daha sonra kommersiya pilotu lisenziyasının (CPL) alınması üçün növbəti hazırlıq mərhələlərinə keçirlər.
İnteqrasiya olunmuş proqramda isə nəzəri və praktiki hazırlıq vahid tədris planı üzrə həyata keçirilir. Kommersiya pilotu lisenziyasının əldə edilməsi üçün tələb olunan uçuş təcrübəsi proqramdan asılı olaraq 210 saatdır.
Hazırlığın digər mühüm istiqaməti cihazlarla uçuş (IR – Instrument Rating) bacarıqlarının formalaşdırılmasıdır. Bu hazırlıq pilotlara buludlu, məhdud görünüşlü və mürəkkəb meteoroloji şəraitdə bort cihazlarının göstəricilərinə əsaslanaraq uçuşu davam etdirmək imkanı verir.
S.Quliyevin sözlərinə görə, əvvəllər cihazlarla uçuş üzrə təlimatçı hazırlığı üçün pilotlar xarici ölkələrə getməli olurdular. Lakin Mərkəz 2026-cı ildə bu istiqamətdə müvafiq səlahiyyət əldə edib. Beləliklə, müəyyən edilmiş tələblərə cavab verən pilotların ölkə daxilində hazırlanması və onlara müvafiq təlimatçı statusunun verilməsi mümkün olub.
17 pilot hazırlanaraq aviaşirkətə təhvil verilib
Mərkəzin fəaliyyətinin nəticələri artıq praktiki göstəricilərdə də özünü göstərir. Belə ki, 2024-cü ildən indiyədək burada 17 pilot hazırlanaraq sərnişin aviaşirkətinə təhvil verilib. Hazırda isə Qəbələ Beynəlxalq Hava Limanında 41 stajor pilot təlim keçir.
Press-tur zamanı pilot hazırlığının nəticələrindən danışan AZAL-ın stajor pilotu Rüfət Cumalı da öz təcrübəsini jurnalistlərlə bölüşüb.
O bildirib ki, 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib, 2024-cü ilin dekabrından etibarən isə uçuş təlimlərinə başlayıb. Hazırlığın ilkin mərhələsində "Cessna 172" tipli tək mühərrikli təyyarədə uçuşlar həyata keçirib, daha sonra "Diamond DA42" ilə təlimlərini davam etdirib.
"Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum. Bununla da təlim prosesini tamamladım. Mənə bu imkanı yaratdığına görə, başda AZAL-ın kollektivi olmaqla, hər kəsə təşəkkürümü bildirirəm", – deyə R.Cumalı qeyd edib.
Onun keçdiyi hazırlıq yolu pilot olmaq istəyən namizədlərin nəzəri biliklərdən başlayaraq müxtəlif tipli hava gəmilərində praktiki təcrübə qazanmalarına qədər uzanan mərhələli prosesi əks etdirir.
Təhlükəsizlik hər şeydən əvvəl gəlir
Pilot hazırlığında uçuş saatları və texniki bacarıqlar qədər təhlükəsizlik mədəniyyətinin formalaşdırılması da vacibdir. Mərkəzin yanaşmasına əsasən, hər bir təlim uçuşu təsdiq edilmiş proqramlar, standart prosedurlar və risklərin əvvəlcədən qiymətləndirilməsi əsasında həyata keçirilir.
Uçuşdan əvvəl mümkün risklər müəyyənləşdirilir, onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Uçuşlar zamanı qeydə alınan hadisə və müşahidələrin təhlili isə təlim prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Bu prosesdə təkcə pilot və təlimatçılar deyil, texniki heyət də mühüm rol oynayır. Hava gəmilərinin uçuşa yararlılığının qorunması, mühərriklərin və digər sistemlərin yoxlanılması, texniki xidmət prosedurlarının vaxtında yerinə yetirilməsi uçuş təhlükəsizliyinin əsas şərtlərindəndir.
Press-tur çərçivəsində jurnalistlər hava gəmilərinə texniki xidmət göstərilməsi prosesi ilə də tanış olublar.
"ASG Helicopter Services" MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov bildirib ki, hazırda şirkətin texniki xidmət göstərdiyi beş "Cessna 172 Skyhawk" tipli hava gəmisi mövcuddur. Gələcəkdə daha beş belə təyyarənin alınması və ümumi sayın 10-a çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, ABŞ istehsalı olan bu təyyarələr Almaniya istehsalı mühərriklərlə təchiz edilib. Mühərriklərin əsas xüsusiyyətlərindən biri həm dizel, həm də aviasiya yanacağı ilə işləyə bilməsidir. Hava gəmiləri əsasən pilotların təlim uçuşları üçün istifadə olunur.
V.Vələdov qeyd edib ki, şirkət hava gəmilərinə həm baza, həm də operativ texniki xidmət göstərir. Bu xidmətlərə texniki baxışlar, mühərriklərin sökülməsi və quraşdırılması, ehtiyat hissələrinin dəyişdirilməsi, qanadların sökülməsi və yenidən quraşdırılması daxildir.
Yerli və beynəlxalq təcrübənin vəhdəti
Pilot hazırlığı yalnız uçuş meydançasında keçirilən məşğələlərlə məhdudlaşmır. Bu sahədə ali təhsil müəssisələrinin, beynəlxalq təlim mərkəzlərinin və ixtisaslı mütəxəssislərin əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda aviasiya mütəxəssislərinin hazırlanmasında Milli Aviasiya Akademiyası mühüm yer tutur. Nəzəri təhsilin praktiki uçuş hazırlığı ilə əlaqələndirilməsi gələcək pilotların peşəkar bilik və bacarıqlarının formalaşmasına imkan yaradır.
Təqdim olunan məlumatlara əsasən, hazırda Türkiyənin "Atlantic Flight Academy" təlim müəssisəsində 65 stajor pilot, İspaniyanın Lleida şəhərində fəaliyyət göstərən "Baltic Aviation Academy"də isə 35 kursant uçuş hazırlığı keçir.
Bununla yanaşı, mərkəzdə pilotların bilik və bacarıqlarının yenilənməsi üçün 10 günlük xüsusi kurslar da təşkil olunur. Bu proqramlar peşəkar pilotların mövcud biliklərini təzələməsinə, uçuş qaydaları və təhlükəsizlik prosedurları üzrə hazırlıqlarını təkmilləşdirməsinə xidmət edir.
Qəbələdəki press-tur bir daha göstərdi ki, pilot yetişdirmək yalnız hava gəmisini idarə etməyi öyrətməkdən ibarət deyil. Bu, nəzəri biliklərin, praktiki təcrübənin, texniki təminatın və təhlükəsizlik mədəniyyətinin vahid sistemdə birləşdirildiyi uzunmüddətli hazırlıq prosesidir.
AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzinin qarşıya qoyduğu əsas hədəf isə bu imkanları genişləndirərək yerli pilot kadrlarına olan tələbatın daha böyük hissəsini ölkə daxilində qarşılamaqdır. Təyyarə parkının, təlimatçı heyətinin və simulyator imkanlarının artırılması bu istiqamətdə atılan mühüm addımlardandır.


