Bakı.Trend:
2035-ci ilədək dünyada bərpaolunan enerji istehsalı gücləri 2025-ci illə müqayisədə ən azı üç dəfə artırılmalı, emissiyaların tutulması sistemləri olmayan kömür elektrik stansiyalarında elektrik enerjisi istehsalı isə azı 75 faiz azaldılmalıdır.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2040-cı ilədək emissiyaların tutulması sistemləri olmayan kömür elektrik stansiyalarında enerji istehsalı demək olar ki, tamamilə dayandırılmalı, neft və qaz istehlakı isə təxminən üçdəbir azaldılmalıdır.
Quterreş vurğulayıb ki, hər bir hökumət öz siyasətini, investisiyalarını və infrastruktur planlarını bu məqsədlərə uyğunlaşdırmalıdır.
O, ölkələri işçilərin və bu sahədən asılı olan yerli icmaların müdafiəsini nəzərdə tutan, qalıq yanacaqlardan ədalətli imtina üzrə milli planlar hazırlamağa çağırıb.
"Bu, yeni kömür layihələrindən, eləcə də 1,5 dərəcə Selsi hədəfinə çatmağı daha da çətinləşdirəcək yeni neft-qaz infrastrukturundan imtina deməkdir. Həmçinin metan emissiyalarının azaldılmasını, bərpaolunan enerji mənbələrinin, elektrik şəbəkələrinin, enerji saxlama sistemlərinin və təmiz elektrikləşmənin sürətlə genişləndirilməsini, meşələrin, okeanların və biomüxtəlifliyin qorunmasını nəzərdə tutur", – deyə o bildirib.
BMT-nin Baş katibi təmiz enerjiyə keçidin artıq sürətləndiyini qeyd edib. Belə ki, 10 il əvvəl dünya üzrə elektrik enerjisi istehsalında günəş enerjisinin payı cəmi bir faiz təşkil edirdisə, ötən il qlobal elektrik enerjisinə tələbatın artımının təxminən dörddə üçü günəş enerjisinin hesabına təmin olunub. Bundan əlavə, on il əvvəl satılan avtomobillərin ümumi sayında elektromobillərin payı cəmi bir faiz olduğu halda, 2026-cı ildə bu göstəricinin təxminən üçdəbirə çatacağı gözlənilir.
Quterreş qalıq yanacaqlardan asılılığın yaratdığı iqtisadi risklərə də diqqət çəkib. Onun sözlərinə görə, dünya əhalisinin dörddəüçü bu enerji resurslarını idxal edən ölkələrdə yaşayır. Bu isə həmin ölkələri qiymət şokları və geosiyasi qeyri-sabitlik qarşısında həssas vəziyyətə salır.
O əlavə edib ki, bərpaolunan enerji mənbələrinə keçid ədalətli və planlı şəkildə, elmi tövsiyələrə uyğun həyata keçirilməlidir.
"Bizim seçimimiz var: ya ədalətli keçidi əvvəlcədən planlaşdırmalıyıq, ya da xaosun və dolanışıq imkanlarının itirilməsinin bədəlini ödəməliyik", – deyə Quterreş fikrini yekunlaşdırıb.