Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Azərbaycana səfir vəzifəsinə namizədi Aleksandr Aldenin Balkanlarda diplomatik fəaliyyəti, xüsusilə Bosniya və Herseqovina ilə bağlı məsələlərdə iştirakı ABŞ mediasının diqqət mərkəzinə düşüb.
Bu barədə “Semafor” nəşri Aldenin fəaliyyəti ilə bağlı öz mənbələrinə istinadən məlumat yayıb.
Hazırda ABŞ dövlət katibi Marko Rubionun baş müşaviri vəzifəsində çalışan Aldenin namizədliyinin Senatda təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması gözlənilir. Bununla yanaşı, onun Balkanlarda, xüsusilə Bosniya və Herseqovinada fəaliyyəti ilə bağlı senatorların çoxsaylı suallar verəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, Alden Bosniya və Herseqovinada geniş diplomatik fəaliyyət göstərib.
“Аldен milli təhlükəsizlik sahəsində təcrübəli mütəxəssisdir. O, geniş təcrübə və biliklərinə əsaslanaraq siyasət məsələləri ilə bağlı dəyərli tövsiyələr verir”, – deyə Dövlət Departamentinin nümayəndəsi "Semafor"a bildirib və əlavə edib ki, Alden “Dövlət Departamentinin ali rəhbərliyinin tam etimadını qazanıb”.
Məlumata əsasən, Alden iyun ayında Bosniya və Herseqovinaya səfəri zamanı Sülhün İcrası üzrə Şuranın (PIC) iclaslarında iştirak edib. Həmin səfər çərçivəsində onun Avropa rəsmiləri ilə ABŞ-nin ölkədəki ali nümayəndəsi vəzifəsinə namizəd, italiyalı diplomat Antonio Zanardi Landinin təsdiqlənməsi məsələsini müzakirə etdiyi bildirilir.
Nəşrin iddiasına görə, Alden bu məsələdə ABŞ-nin mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Aldenin namizədliyinin Senatda müzakirəsi və təsdiqlənməsi prosesi onun gələcək diplomatik fəaliyyətinin istiqamətləri baxımından da əhəmiyyət daşıyır. Azərbaycanın ABŞ ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığının inkişaf etdiyi bir dövrdə yeni səfirin regionun geosiyasi reallıqlarını, Cənubi Qafqazın təhlükəsizlik məsələlərini və Bakı-Vaşinqton münasibətlərinin prioritetlərini dərindən bilməsi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Aleksandr Alden ABŞ Dövlət Departamentində çalışır və hazırda dövlət katibi Marko Rubionun baş müşaviri vəzifəsini tutur. Ağ Ev Aldenin Azərbaycana təyinatı üçün namizədliyini 2026-cı il iyunun 1-də Senata göndərib. Namizədlik baxılması üçün Senatın Xarici Əlaqələr Komitəsinə yönləndirilib.
Təyinat üçün qarşıda üç əsas mərhələ var: Senatın Xarici Əlaqələr Komitəsinin baxışı, Senatın təsdiqi və diplomatik prosedurlar.
Təsdiqdən sonra təyinatın rəsmiləşdirilməsi və səfirin Azərbaycanda fəaliyyətə başlaması üçün müvafiq prosedurlar tamamlanmalıdır.