Bakı. Trend:
Dünya liderləri, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və on minlərlə nümayəndə heyətinin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP31) 31-ci sessiyası Türkiyənin Antalya şəhərində işə başlayıb.
"TRT Haber"in yaydığı məlumata görə, Türkiyə COP-a ilk dəfə ev sahibliyi edir. Tarixi sammitdə qəbul edilən öhdəliklərin konkret tədbirlərə çevrilməsini nəzərdə tutan “İcra COP-u” yanaşması əsas götürülür.
Qeyd edilib ki, konfrans çərçivəsində qlobal diplomatik təmasların əsas mərhələsi noyabrın 11-12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Mavi Zonada keçiriləcək Liderlər Zirvəsi olacaq.
Zirvədə altı qitədən yüksək səviyyəli iştirak gözlənilir. Tədbirdə 95 ölkənin lideri və 7 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək. Onların arasında 37 dövlət başçısı, 35 hökumət başçısı, 8 dövlət başçısının müavini, 7 baş nazirin müavini, 2 vəliəhd şahzadə, 1 şahzadə, 1 parlament sədri və 4 xüsusi nümayəndə yer alır.
Beynəlxalq təşkilatlar səviyyəsində Avropa Komissiyası, BMT, BMT Baş Assambleyası, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Beynəlxalq Enerji Agentliyi (IEA) təmsil olunacaq.
Türkiyə COP31-ə sədrliyi yalnız diplomatik və texniki proses kimi deyil, qəbul edilən qərarların real nəticələr verməsi baxımından da qiymətləndirir. Türkiyə Prezidentinin müvafiq sərəncamına əsasən, COP31 sədrliyini Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum həyata keçirəcək, danışıqlara isə Avstraliya sədrlik edəcək.
Konfrans beynəlxalq dayanıqlılıq meyarı olan ISO 20121 standartlarına uyğun təşkil olunur. Bu çərçivədə aşağı emissiyalı nəqliyyat, su və enerjiyə qənaət, sıfır tullantıların idarə edilməsi və karbon emissiyalarının kompensasiyası mexanizmləri tətbiq edilir.
Qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ali qərarverici orqanı olan COP toplantılarında qərarlar səs çoxluğu ilə deyil, bütün tərəflərin razılığı əsasında – konsensus prinsipi ilə qəbul edilir.
Antalyada keçirilən 12 günlük konfrans çərçivəsində inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması üçün qlobal iqlim maliyyələşməsi paketləri və karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklər əsas müzakirə mövzuları olacaq.
Kyoto Protokolu və Paris Sazişi kimi mühüm beynəlxalq razılaşmaların əldə olunduğu əvvəlki COP proseslərindən sonra Antalya sammitində də qlobal iqlim siyasətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi gözlənilir.