Bakı. Trend:
44 günlük Vətən müharibəsində döyüş meydanında düşmənlə üz-üzə gələn hərbçilərimizin həyatını xilas etmək üçün arxa cəbhədə də gərgin mübarizə aparılırdı. Cəbhə bölgəsinə yaxın xəstəxanalarda gecə-gündüz çalışan həkimlər ağır yaralıların həyata qaytarılması üçün bütün imkanlarını səfərbər etmişdilər. Onlar bəzən saatlarla əməliyyat masası arxasında dayanır, bir-birinin ardınca gətirilən yaralılara tibbi yardım göstərirdilər.
8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi zamanı Ağcabədi rayonunda yaralı hərbçilərimizin müalicəsində iştirak etmiş həkim-cərrah Ayaz Yaqubovla həmsöhbət olduq. O, müharibənin ilk günlərindən cəbhə bölgəsinə yollanmasından, ağır yaralıların müalicəsindən, yaddaşında iz buraxan hadisələrdən və Zəfər xəbərini necə qarşıladığından danışıb.
“Cəbhəyə getmək üçün müraciət etdik, bizə gözləməyimizi dedilər”
Həkim-cərrah bildirib ki, 2020-ci il sentyabrın 27-də, müharibənin başladığı gün evdə olub və hadisələrdən sosial şəbəkələr vasitəsilə xəbər tutub. Həmin gün onun qohumu, təyyarəçi Abbas Qasımovun şəhid olması xəbəri də ailəsi üçün ağır olub.
“Bazar günü idi, evdə idik. Sosial şəbəkələrə baxırdıq və oradan müharibənin başladığını gördük. Axşam qohumum, təyyarəçi Abbas Qasımovun şəhid olması xəbərini aldıq. Bundan sonra işə gəldik və cəbhəyə getmək istədiyimizi bildirdik. Ancaq bizə gözləməyimizi dedilər.
Nəhayət, oktyabrın 2-3-də cəbhə bölgəsinə getməyimiz üçün icazə verildi. Məni Ağcabədi xəstəxanasına təyin etdilər. Bu xəstəxana əvvəlcədən pavilyon şəklində tikilmişdi və cəbhəyə ən yaxın tibb müəssisələrindən biri idi”, – deyə o bildirib.
Həkimin sözlərinə görə, oktyabrın 6-7-dən etibarən xəstəxanaya ağır yaralıların gətirilməsi intensivləşib. Bəzi günlərdə qəbul edilən yaralıların sayı 30-40, hətta 50 nəfərə çatıb.
“Tarverdi adlı hərbçinin taleyi yaddaşımdan silinmir”
Müsahib qeyd edib ki, ilk yaralı hərbçilərin xəstəxanaya gətirildiyi anlar yaddaşından silinməyib. Yaralanmaların böyük hissəsi qəlpə xəsarətləri ilə bağlı olub. Xüsusilə qarın boşluğu, döş qəfəsi, uroloji nahiyə və baş nahiyəsindən ağır yaralanan hərbçilər gətirilirdi.
“İlk yaralı hərbçilərin gətirildiyi anları, əlbəttə ki, xatırlayıram. Ən çox qəlpə yaraları olurdu. Qarın boşluğundan, döş qəfəsindən, baş nahiyəsindən yaralananlar çox idi. Sonradan sınıq xəsarətləri olan hərbçilərin müalicəsinə travmatoloqları da cəlb etdik. Qəlpələrdən ayaq sümükləri ciddi zədələnirdi.
Çoxsaylı əməliyyatlar həyata keçirdik. Yadımdan çıxmayan xəstələrdən biri Tarverdi adlı hərbçi idi. O, həm başından, həm də qarın boşluğundan qəlpə yarası almışdı. Mən onun qarın boşluğu və döş qəfəsi nahiyəsindən əməliyyatını həyata keçirmişdim. Sonradan cəbhədən qayıdanda həmin xəstəni xəstəxanada gördüm. Həkimlər onu aparırdılar. Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı”, – deyə həkim xatırlayıb.
Onun sözlərinə görə, xəstəxanaya qəbul edilən yaralıların sayı döyüşlərin intensivliyindən asılı olaraq dəyişirdi. Füzuli istiqamətində yerləşən Əhmədbəyli xəstəxanasından da yaralılar Ağcabədiyə göndərilirdi.
“Gündəlik ən azı 20-30 yaralı qəbul edirdik. Bəzən bu rəqəm 40-a çatırdı. Vəziyyəti imkan verən xəstələri ilkin ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakıya göndərirdik. Ümumiyyətlə, həmin dövrdə səhiyyə sistemində təxliyə və tibbi yardımın təşkili yüksək səviyyədə idi”, – deyə o əlavə edib.
“Dron hücumundan sonra xəstəxanada cəmi iki cərrah qalmışdıq”
Həkim Ağcabədidə işlədiyi müddətdə təhlükəli anlarla da üzləşdiyini deyib. Onun sözlərinə görə, Ağcabədidə köhnə xəstəxana var idi, ora erməni dronunun hücumuna məruz qalıb.
“Bir səhər gördüm ki, xəstəxanada cəmi iki cərrah qalmışıq. Mən və Nicat adlı rezident həkim orada idik. Həmkarıma dedim ki, nə edəcəyik? Cavabım belə oldu: nə lazımdırsa, edəcəyik. Digər həkimləri də çağırdım ki, gəlib bizə kömək etsinlər. Çətin şəraitdə olsaq da, işimizi davam etdirdik”, – deyə o bildirib.
Müsahib vurğulayıb ki, həmin dövrdə onların əsas məqsədi yaralı hərbçilərə mümkün olan ən yüksək səviyyədə tibbi yardım göstərmək olub. Əməliyyatların aparılması üçün müxtəlif ixtisaslı həkimlərin köməyindən də istifadə edilib.
“İstəyirdik ki, sabah uşaqlarımızın qarşısında alnıaçıq olaq”
Həkim müharibə dövründə könüllü şəkildə yardım göstərən insanların fəaliyyətini də xatırlayıb.
“Biz istəyirdik ki, sabah uşaqlarımızın qarşısında alnıaçıq olaq. Mənim uşaqlarım o vaxt 12-13 yaşlarında idi. İstəyirdim ki, böyüyəndə desinlər: atamız da millət üçün, Vətən üçün az da olsa nəsə edib. Bizim üçün əsas məsələ yaralıların həyatını xilas etmək idi”, – deyə müsahib qeyd edib.
“Qazilərin yaddaş problemləri müharibənin ağır izlərindəndir”
A.Yaqubov müharibədən sonra da yaralı hərbçilərin vəziyyəti ilə maraqlandıqlarını bildirib. Onun sözlərinə görə, döyüşlər zamanı barotravma alan hərbçilərin bir qismində sonradan yaddaş problemləri müşahidə olunur.
“Barotravma (partlayış zamanı yaranan güclü təzyiq dalğasının qulaq, ağciyər və digər orqanlara zərər vurması nəticəsində yaranan travmadır) alanlar çox olurdu. Baş beynin silkələnməsi nəticəsində bəzi hərbçilər müəyyən hadisələri xatırlamırlar. Hətta bəzən insanı üzdən görəndə yaddaşları bərpa olunur və həmin şəxsi tanıyırlar. Dünən də bir qazi gəlmişdi. Belə halları gördükcə insanın ürəyi ağrıyır”, – deyə o bildirib.
“Zəfər xəbərini böyük sevinclə qarşıladıq”
Müsahib Zəfər xəbərini isə artıq Ağcabədidən qayıtdıqdan sonra, Bakıda olarkən aldığını söyləyib. Onun sözlərinə görə, noyabrın 3-də oğlunun xəstələnməsi ilə əlaqədar geri qayıdıb.
“Zəfər xəbərini burada aldım. Artıq ordumuzun irəliləyişini bilirdik. Hazır idik. Bundan böyük sevinc nə ola bilərdi? Mənim 19-20 yaşım olanda Qarabağ işğal olunmuşdu. O torpaqların azad olunmasını görmək, bu arzunun gerçəkləşməsinə şahid olmaq böyük xoşbəxtlikdir”, – deyə həkim- cərrah fikirlərini yekunlaşdırıb.



