Bakı.Trend:
Çoxfunksiyalı komplekslərin idarə olunması zamanı biznes nümayəndələri, sakinlər, ticarət zonalarının ziyarətçiləri və mehmanxana sektorunun istifadəçiləri də daxil olmaqla, müxtəlif kateqoriyalardan olan insanların ehtiyacları nəzərə alınmalıdır. Eyni zamanda, layihələrin hazırlanmasının ilkin mərhələlərindən etibarən əməliyyat idarəetməsi üzrə komandalar prosesə cəlb edilməlidir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə cümə axşamı Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində "PASHA Property Management" şirkətinin baş direktoru Tural Əliyev bildirib.
Onun sözlərinə görə, çoxfunksiyalı komplekslərin idarə olunması müəyyən çətinliklərlə müşayiət olunur, çünki hər bir istifadəçi kateqoriyasının öz prioritetləri var.
"Məsələn, biznes üçün sabitlik və səmərəlilik, sakinlər üçün isə rahatlıq, təhlükəsizlik və şəxsi məkanın toxunulmazlığı vacibdir. Ticarət zonaları üçün isə əlçatanlıq və ziyarətçilərin davamlı axını önəmlidir.
Buna görə də bu qədər müxtəlif ehtiyacları qarşılamaq kifayət qədər çətindir", - deyə o qeyd edib.
Tural Əliyev vurğulayıb ki, komplekslər istismara verilməzdən əvvəl, hələ layihələrin hazırlanması mərhələsində əməliyyat idarəetməsi üzrə komandalarla layihələrin hazırlanmasına cavabdeh bölmələr arasında əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, layihələndirmə mərhələsində istismar məsələləri nəzərə alınmadıqda, bu, sonradan istismar xərclərinin artmasına, müştəri məmnuniyyətinin azalmasına və əlavə kapital qoyuluşlarına ehtiyac yaranmasına səbəb ola bilər. Bundan əlavə, bu cür çatışmazlıqlar biznes fəaliyyətinə maneələr yarada bilər.
O, həmçinin qeyd edib ki, çoxfunksiyalı komplekslər planlaşdırılarkən hər bir istifadəçi kateqoriyasının ən azı üç əsas prioriteti əvvəlcədən müəyyənləşdirilməlidir. Bu zaman premium və kütləvi seqmentlərə aid ticarət zonaları arasındakı fərqlər də nəzərə alınmalıdır.
"Çoxfunksiyalı məkanın yaradılması ilə bağlı strateji konsepsiya formalaşdırılarkən, yəni kompleksin istismara verilməsindən xeyli əvvəl müştərilərin fikirlərini dinləmək lazımdır. Müştərilərin rəyi yalnız istismar mərhələsində deyil, daha erkən mərhələdə də nəzərə alınmalıdır", - deyə Tural Əliyev əlavə edib.