Bakı.Trend:
"Brendli" daşınmaz əmlakın uzunmüddətli dəyəri ilk növbədə binanın öz keyfiyyətinə əsaslanmalıdır. Çünki tanınmış brendin təmin etdiyi əlavə dəyər obyektin bütün istismar müddəti ərzində mütləq qorunub saxlanılmaya bilər.
Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə BMT-nin Həyat Keyfiyyəti Təşəbbüsünün ekspert qrupunun üzvü Qay Perri cümə axşamı Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.
Onun sözlərinə görə, brendli yaşayış kompleksləri seçilərkən interyerlərin zaman keçdikcə necə yenilənəcəyini nəzərə almaq lazımdır. O qeyd edib ki, hotellər adətən interyerlərini təxminən 10 ildən bir yeniləyirlər və bu təcrübənin brendli yaşayış obyektlərinə də tətbiq edilib-edilmədiyi sual doğurur.
“Binanın özü zamanın sınağına davam gətirməlidir. Mənim üçün brend layihənin bazara çıxarılması zamanı ilkin üstünlük yarada bilər. Lakin onun uzunmüddətli dəyəri ilə bağlı narahatlıqlarım var. Söhbət insanların 10, 20 il və hətta daha uzun müddət sahib olduqları obyektlərdən gedir. 20 ildən sonra brendin dəyərindən nə qalacaq?
Məsələn, Nyu-Yorkda yerləşən "Sherry-Netherland" və "The Pierre" obyektlərinin dəyəri, digər amillərlə yanaşı, onların yerləşdiyi məkan və tanınmış brendlərlə də bağlıdır”, - deyə o qeyd edib.
Bununla yanaşı, ekspert premium seqmentə aid beşulduzlu hotellərdə xidmət səviyyəsinin və keyfiyyətin qorunub saxlanılması ilə bağlı yüksək xərclərə diqqət çəkib.
Onun fikrincə, belə layihələri həyata keçirərkən tikinti şirkətləri ilk növbədə binanın tikinti mərhələsində yüksək keyfiyyətini təmin etməlidirlər.
“Brend müəyyən müddət ərzində əlavə dəyər yarada bilər, lakin bu üstünlüyün sonsuzadək qorunub saxlanılacağına əmin deyiləm.
Düşünürəm ki, 10 ildən artıq müddət üçün bu qiymət əlavəsini artıq nəzərə almamaq lazımdır”, - deyə Qay Perri əlavə edib.