Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft-qaz ixracı (Azərbaycan Respublikası Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan) ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard ABŞ dollarına çatıb. İxracın 60 faizini sənaye məhsulları təşkil edib.
Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı sabitliyini qoruyur və 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasının yekunlarına əsasən, 2026-cı ilin gözlənilən nəticələri də nəzərə alınmaqla, ölkənin ümumi daxili məhsulunun (ÜDM) orta illik artımının 2,7 faiz, qeyri-neft-qaz sektorunun artımının isə 5,2 faiz olması proqnozlaşdırılır. Bu göstəricilər müəyyən edilmiş hədəflərdən yüksəkdir.
E.Camalov qeyd edib ki, 2026-cı il 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının son ilidir və qarşıda 2027–2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsi dayanır.
“Bu mərhələnin konseptual əsasını Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs təşkil edir. Həmin kurs üç fundamental hədəfə söykənir: iqtisadi artımın dayanıqlı və şaxələndirilmiş mənbələr hesabına təmin olunması, özəl investisiyaların və sahibkarlığın iqtisadi inkişafda aparıcı rolunun gücləndirilməsi, əmtəə və xidmət ixracı potensialının genişləndirilməsi”, – deyə o bildirib.
Aparat rəhbərinin sözlərinə görə, uzunmüddətli və inklüziv iqtisadi artım ixracyönümlü, yüksək əlavə dəyər yaradan sahələrin inkişafından asılıdır. Bu baxımdan qarşıdakı dövrdə qeyri-neft-qaz sektorunun ticari sahələrinin, xüsusilə sənaye və xidmətlərin iqtisadi artımdakı rolunun genişləndirilməsi vacibdir.
O bildirib ki, 2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq.
Eyni zamanda, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard ABŞ dollarına çatıb. Bu, 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə çoxdur və ölkənin illik ÜDM-ni üstələyir. Ehtiyatların həcmi xarici dövlət borcundan təxminən 20 dəfə yüksəkdir.
E.Camalov əlavə edib ki, qeyri-neft-qaz sektorunun özəl hissəsində əmək müqavilələrinin sayı 2019-cu ildən bəri təxminən iki dəfə artaraq ümumi əmək müqavilələrinin 56,5 faizini təşkil edib.
O, qeyri-neft-qaz sektorunda artımın əsas hərəkətverici qüvvələri sırasında qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətləri qeyd edib.
“Özəl sektordan əsas kapitala investisiyalar 14,7 milyard manat təşkil etməklə real ifadədə 10,9 faiz artıb. Qeyri-neft-qaz sektorunda özəl investisiyaların artımı isə 21 faiz ətrafında olub”, – deyə o vurğulayıb.
Aparat rəhbəri dövlət büdcəsi xərclərinin icrasının da iqtisadi artım baxımından əhəmiyyətini diqqətə çatdırıb.
“Dövlət büdcəsi xərclərinin, o cümlədən əsaslı xərclərin ilin sonunadək tam icrası iqtisadi artımın sürətinə təsir edən mühüm amildir”, – deyə E.Camalov bildirib.
O, xarici ticarət göstəricilərinə də toxunaraq qeyd edib ki, 2026-cı ilin ilk doqquz ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan Azərbaycanın xarici ticarət saldosu 25 faiz artaraq 7,1 milyard ABŞ dolları profisitlə formalaşıb.