Bakı. Trend:
Azərbaycanın bank sektorunun aktivləri 10 ayda 15.1% artaraq 65.7 mlrd. manata, kredit portfeli 14%artaraq 34.3 mlrd. manata çatmışdır (o cümlədən, biznes kreditləri üzrə artım 16.9% və ya 2.7 mlrd. manat).
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyətini davam etdirib:
"Bank sektorunda məcmu kapital adekvatlılıq səviyyəsi 16.7% və likvidliyin örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələmiş, sektor mənfəətlə (ROE 20.75%) fəaliyyət göstərib. Bank sektorunun aktivlərinin genişlənməsi iqtisadi fəallığa dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15.1% artaraq 65.7 mlrd. manata, kredit portfeli 14% artaraq 34.3 mlrd. manata çatıb (o cümlədən, biznes kreditləri üzrə artım 16.9% və ya 2.7 mlrd. manat).
Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2.7% olub. Dövr ərzində əhalinin əmanətləri 12.9%, o cümlədən müddətli əmanətləri 13.7% artıb".
Bundan başqa, sığorta sektorunda 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 8%, sığorta ödənişləri isə 29% artıb: "Sığorta haqlarının 80%-i könüllü, 20%-i isə icbari sığorta növlərinin payına düşür. Sığorta haqlarının 56%-ni həyat, 44%-ni isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib".