Bakı.Trend:
Almaniyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Stark Defence" startapı 2027-ci ilədək sualtı kabellərin mühafizəsi, eləcə də Aİ ölkələrinin sularında Rusiyanın "kölgə donanmasının" izlənilməsi üçün 24 metrlik pilotsuz gəmi yaratmağı planlaşdırır.
Bu barədə şirkətin direktoru Uve Horstmann "Bloomberg" konfransında bildirib.
"Vanta 24" adlı dəniz dronu raket silahları və artilleriya sistemləri də daxil olmaqla, 50 tonadək yük daşıya biləcək. Ekipajsız fəaliyyət göstərəcək gəminin sürəti saatda 40 mili (təxminən 64 kilometr) ötəcək. Horstmannın sözlərinə görə, bu cür gəmilərin qiyməti ənənəvi freqatın dəyərinin mində birinə bərabərdir və onların inşası cəmi bir neçə ay çəkir.
Gəmi güclü dalğalar və temperatur dəyişiklikləri də daxil olmaqla, Baltik və Şimal dənizlərinin şəraitində fəaliyyət göstərmək üçün uyğunlaşdırılacaq. Onun hərbi gəmiləri müşayiət edəcəyi, sahilboyu ərazilərdə müşahidə aparacağı və sualtı infrastrukturu qoruyacağı gözlənilir.