Bakı.Trend:
Türkiyədən başqa heç bir ölkə beynəlxalq məsələlərə dini prizmadan yanaşmır, hər kəs öz dövlətinin və millətinin maraqlarını əsas götürərək hərəkət edir. İran Ermənistanın, İsrail isə Azərbaycanın yanında yer alır. Bu münasibətlərdə dini mənsubiyyət deyil, dövlətlərin milli maraqları və strateji tərəfdaşlıqları əsas rol oynayır.
Bu barədə türkiyəli jurnalist Yılmaz Özdil "Youtube" platformasında videoçıxışı zamanı deyib.
O bildirib ki, regionda belə dərin strateji ittifaqlar formalaşdığı halda, Türkiyədə bəzi dairələr Fələstin məsələsinə və məktəblərdə vahid geyim mövzusuna həddindən artıq diqqət ayırır, hətta Azərbaycanın dövlətçiliyinə və daxili idarəetməsinə müdaxilə etməyə çalışırlar.
"Türkiyənin Fələstinə görə Azərbaycanla münasibətlərində problem yaşaması düzgün yanaşma deyil. Fələstin Prezidenti 29 oktyabr – Türkiyə Cümhuriyyət Bayramında Kiprin yunan hissəsinə, Kipr Respublikasına səfər edib..Biz bu fələstinlilər üçün Azərbaycanın xətrinə dəyirik. İsrail Azərbaycanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra onu tanıyan ilk dövlətlərdən biri olub, Fələstin isə uzun illər Ermənistanın mövqeyini dəstəkləyib.Azərbaycan Fələstinin Ermənistanla bağlı mövqeyini unutmur", - deyə o bildirib.
Y. Özdil Türkiyənin də vaxtilə Fələstinin PKK və ASALA ilə əlaqələri, eləcə də bu təşkilatlara münasibəti ilə bağlı narazılıqlarını xatırladaraq bildirib ki, Ankara bu məsələləri artıq arxa plana keçirib.
O, Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığına da toxunub.
"Azərbaycan İkinci Qarabağ müharibəsində istifadə etdiyi silahların əhəmiyyətli hissəsini İsraildən əldə edib. Türkiyə Azərbaycana pilotsuz uçuş aparatları (PUA) verməsini qabardaraq səsləndirir. Amma bilmək lazımdır ki, Azərbaycan 2009-cu ildən etibarən İsraillə birgə PUA istehsalı sahəsində əməkdaşlıq edir",- deyə o bildiirb.
Jurnalist Azərbaycan-Türkiyə münasibətlərinin tarixi əsaslarına da diqqət çəkib. O qeyd edib ki, Qarabağ Zəfərinin 10 noyabr 2020-ci ildə əldə olunmasına baxmayaraq, Azərbaycanda Zəfər Gününün 8 noyabr tarixinə keçirilməsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsinə hörmətin göstəricisidir.
"Bu qərar iki ölkə arasındakı qardaşlıq münasibətlərinin dərinliyini nümayiş etdirir. 1919–1920-ci illərdə Türkiyənin Qurtuluş Savaşı zamanı Azərbaycan xalqı Türkiyəyə yalnız maddi yardım göstərməyib, eyni zamanda milli müqavimət hərəkatında iştirak edərək canından keçib. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının tarixi və möhkəm əsaslara söykəndiyini göstərir",- deyə Y.Özdil vurğulayıb.