Bakı. Trend:
Oktyabrın 29-da Gender Hub Azərbaycan tərəfindən həyata keçirilən “Süd vəzi xərçəngi ilə mübarizə ayı” kampaniyasının yekun tədbiri tarixində baş tutub. Tədbir qadınlar üçün ödənişsiz süd vəzi xərçəngi müayinələrinin və bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədi daşıyıb.
Qeyd edək ki, hər il 1-31 oktyabr tarixləri dünyada süd vəzi xərçəngi ilə mübarizə və qadın sağlamlığına dair məlumatlılığın artırılması məqsədilə “Çəhrayı Oktyabr” kimi qeyd olunur.
Tədbirdə tərəfdaş qurumların, dövlət və özəl müəssisələrin nümayəndələri, millət vəkilləri, səhiyyə işçiləri, gender bərabərliyi və qadın hüquqları üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin süd vəzi xərçəngi ilə mübarizə təcrübəsi olan və hazırda müalicə alan şəxslər iştirak ediblər.
Yekun tədbir erkən aşkarlanmanın əhəmiyyəti, vaxtında müalicənin rolu və ailə dəstəyini vurğulayan maarifləndirici sosial çarxın nümayişi ilə başlayıb. Daha sonra Gender Hub Azərbaycanın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova açılış nitqi ilə çıxış edərək kampaniya çərçivəsində təşkil edilən 3 məlumat sessiyası vasitəsilə 150-dən çox qadına birbaşa mövzu ilə bağlı məlumat verildiyi, həmçinin maarifləndirmə miqyasını genişləndirmək məqsədilə 100-ə yaxın poliklinikada məlumatlandırıcı posterlərin yerləşdirildiyini qeyd edib.
Tədbirdə rəsmi şəxslərdən Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Dmitro Şlapaçenko, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə çıxış ediblər. Həmçinin blogger Xanım Əziz xəstəliklə mübarizəyə dair ilhamverici şəxsi hekayəsini iştirakçılarla bölüşüb.
Tədbirin əsas hissəsini Aysel Zahidqızının moderatorluğu ilə keçirilən “Süd vəzi xərçəngi ilə mübarizədə erkən aşkarlama, psixoloji dəstək və cəmiyyətin rolu” başlıqlı panel müzakirə təşkil edib. Panelist qismində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin Rəhbəri Dr. Hande Harmancı, ATU-nun onkologiya kafedrasının dosenti, Onkoloji klinikanın baş həkimi, cərrah mammoloq-onkoloq Tamara Quliyeva və ATU-nun onkologiya kafedrasının dosenti, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təsisçisi və sədri Həqiqət Vəliyeva çıxış ediblər.
İnteraktiv sual-cavab sessiyasında iştirakçılar mütəxəssislərə süd vəzi xərçəngi, erkən diaqnostika, tibbi və psixoloji dəstəklə bağlı suallarını ünvanlayıblar. Yekun tədbir xatirə fotosunun çəkilişi və şəbəkələşmə məqsədli şam yeməyi ilə başa çatıb.











