Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiyanın üzvlüyündən çıxarılması ilə bağlı qərar təsdiqlənib.
Xatırladaq ki, Milli Elmlər Akademiyasının 23 noyabr 2023-cü il tarixli Ümumi Yığıncağında təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin 3.6.-cı bəndinə əsasən Akademiyanın üzvü ölkənin və Akademiyanın adına ləkə gətirən hərəkətlərə yol verdikdə, vəzifələrini yerinə yetirmədikdə onun AMEA üzvlüyündən çıxarılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək, müvafiq qərar qəbul edilməklə AMEA Ümumi Yığıncağında təsdiq edilmək üçün təqdim olunub.
Qeyd edək ki, ötən il Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiq edilməsinə qərar verilib.