Bakı. Trend:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bankların kartdan-karta köçürmələrə müəyyən limitlər tətbiq etməsi ilə bağlı qərarı sektorun öz qərarıdır və AMB bu yanaşmanı dəstəkləyir.
“Biz bu qərarı həm şəxsən, həm də Mərkəzi Bank olaraq dəstəkləyirik. Burada müsbət hal ondan ibarətdir ki, sektor birgə qərar qəbul edib. Çünki bu qərar verilməzdən əvvəl bankların fərqli yanaşmaları var idi və bu, müəyyən problemlər yaradırdı”, – deyə o bildirib.
T.Kazımov qeyd edib ki, AMB kartdan-karta köçürmələr üzrə dövriyyənin əhəmiyyətli dərəcədə artdığını müşahidə edir.
“Keçən il kartdan-karta dövriyyə 66 milyard manat olub. Bu ilin avqustunda isə bu rəqəm 48 milyard manat təşkil edib. Biz başa düşürük ki, valideynin övladına pul göndərməsi və ya dostlar arasında pul köçürülməsi normal haldır. Amma sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin hər gün beş dəfə kartına pul daxil olması normal deyil”, – AMB sədri vurğulayıb.
Onun sözlərinə görə, maaş və pensiya ödənişləri bu məhdudiyyətlərə aid deyil.
“Biz başa düşürük ki, bu dövriyyənin müəyyən hissəsi vergidən yayınma, müəyyən hissəsi isə digər qanuni fəaliyyətlərlə bağlı ola bilər. Lakin bu fəaliyyət kifayət qədər artıb və nəticədə dövriyyə də əhəmiyyətli dərəcədə yüksəlib. Banklar buna görə əlavə təhlillər aparmağa və resurs sərf etməyə məcbur olurlar”, – deyə T.Kazımov əlavə edib.
AMB sədri bildirib ki, bankların müəyyən etdiyi gündəlik beş mədaxil və aylıq 20 min manatlıq limitlər bütün hallarda dəyişməz qaydalar kimi tətbiq edilməməlidir.
“Kimdəsə xüsusi vəziyyət və ya şərait varsa, banka müraciət edib bunu izah edə bilər. Məsələn, niyə gündə beş əməliyyatdan çox pul daxil olur, niyə 20 min manat yox, 50 min manat olmalıdır və ya niyə iki karta ehtiyac var. Bank bu halları fərdi qaydada qiymətləndirə bilər”, – o deyib.
T.Kazımov məktəbdə valideynlərin hansısa məqsədlə pul toplaması kimi hallara da toxunub.
“Məsələn, valideynlər məktəbdə hansısa məqsədlə pul yığmaq üçün kartdan-karta köçürmə edirlərsə və limit buna mane olursa, bu hal üzrə banka müraciət edərək izah verməlidirlər. Bank da həmin prosesə nəzarət edəcək. Xeyriyyə məqsədli və digər xüsusi hallarda banka müraciət etmək mümkündür”, – AMB sədri bildirib.
O qeyd edib ki, tətbiq edilən limitlər tam qadağa anlamına gəlmir: “Burada biz hansısa qadağa qoymuruq. Qadağa o demək olardı ki, müştəri gəlib vəziyyəti izah etsə belə, ona ikinci kart açılmasın, 20 min manatlıq limit artırılmasın və ya beş mədaxil limiti götürülməsin. Burada isə limitlər müəyyən edilib, amma müştəri üçün müraciət etmək və vəziyyəti izah etmək imkanı saxlanılıb”.
AMB sədri bildirib ki, Milli Ödəniş, HÖCC və Ani Ödəniş sistemi üzrə sentyabrın nəticələrinə əsasən, ümumi dövriyyə 862 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46% artım deməkdir.
Onun sözlərinə görə, kart vasitəsilə ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 69% olub.
“Ümumilikdə kart vasitəsilə ölkədaxili əməliyyatların dövriyyəsi 64,6 milyard manat olub. Bu, 8% artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların dövriyyəsi isə 80 milyard manat olub ki, bu da ötən ilin eyni doqquz ayı ilə müqayisədə 11,7% artım deməkdir”, – deyə T.Kazımov bildirib.
AMB sədri həmçinin QR ödənişlərinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, banklar üçün POS-terminallar vasitəsilə QR standartı əsasında ödənişlərin qəbul edilməsi artıq məcburidir.
“Biz sahibkarlarla danışanda deyirik ki, QR vasitəsilə ödənişlərin qəbul edilməsini təşviq etsəniz, banklar sizə daha aşağı komissiya tətbiq edə bilərlər. Sahibkar bunu bankdan tələb etməlidir. Çünki QR vasitəsilə qəbul olunan ödənişlər üzrə tariflər daha aşağıdır”, – deyə o qeyd edib.
T.Kazımov bildirib ki, AMB həmçinin beynəlxalq ödəniş sistemləri ilə tariflərin aşağı salınması məsələsini müzakirə edir.
“Hazırda həm Mastercard, həm də Visa ilə danışırıq ki, bütün ölkə üçün tarifləri aşağı salsınlar. Düşünürəm ki, ilin sonuna kimi bu istiqamətdə müəyyən irəliləyiş olacaq”, – AMB sədri deyib.
O əlavə edib ki, son illərdə ödəniş sistemləri tərəfindən tətbiq edilən qiymət artımları bankların xərclərinin yüksəlməsinə təsir göstərib.
Bununla yanaşı, T.Kazımov bildirib ki, yerli ödəniş alətinin testləri davam edir və uğurlu nəticələr əldə olunacağı təqdirdə gələn ildən müəyyən ödənişlərin Ani Ödəniş sistemi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.